Türk Xalqları Mədəniyyəti Günü qeyd olunub

Fransanın Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) Türk Xalqları Mədəniyyəti Günü qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, ölkəmizi Paris Azərbaycan Evinin təmsil etdiyi tədbirdə Azərbaycanın mədəni irsini əks etdirən müxtəlif əşyalar, xalça nümunələri, musiqi alətləri, milli ornamentli suvenirlər, şirniyyatlar, kitablar və geyimlərimiz nümayiş olunub. Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinə dair kitabları, broşürləri, digər müxtəlif nəşrləri sərgilənib və ziyarətçilərə hədiyyə olunub. Milli geyimdə olan azərbaycanlı tələbələr ölkəmizin stendi ilə maraqlanan müəllim və tələbələrə məlumat verib, onları milli şirniyyatlarımıza qonaq ediblər. Stendimiz İNALCO tələbələri və müəllimləri tərəfindən maraqla qarşılanıb. Bir çox ölkələrin təmsil olunduğu tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan ve Uyğur xalqlarının da mədəni irsi nümayiş etdirilib. Qeyd edək ki, bir neçə ildir Fransanın Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda türk günləri ilə bağlı tədbirlər keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00