AMİP avroplı tərəfdaşlarına etiraz etdi
13 Aprel 2016 16:52 SosialAvropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcili qətnamə" qəbul olunub. Qətnamədə deyilir ki, Dağlıq Qarabağda hərbi əməliyatların dayandırılması üçün real addımlar atılmasını və qoşunların 1 aprel 2016-cı ildən əvvəl olduğu mövqeyə çəkilməsini zəruri hesab edirik. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Milli İstiqlal Partiyası qəbul edilmiş Qətnamə ilə əlaqədar EPP rəhbərliyinə və EPP Siyasi Assambleyasına etiraz məktubu göndərib. Məktubda avropalılara Ermənistanın işğalçılıq siyasəti faktlarla izah edilir, işğal altında olan ərazilərin azad edilməsi tələbi ilə qəbul edilmiş BMT qətnamələri yada salınır. Bildirilir ki, həmin qətnamələrdə Ermənistan işğalçı tərəf kimi tanınır və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Məktubda qeyd olunur ki, AXP-nin qəbul etdiyi Qətnamədə qoşunların 1 aprel tarixinə olan mövqelərə çəkilməsinin zəruri hesab olunması haqqında müddəanı başa düşülməz və zərərli hesab edilir. Vurğulanır ki, məsələyə bu cür yanaşma problemi bilməməkdən və tələskənlikdən baş verib.