Dostluq və qardaşlığın nümunəsi
Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına inanır
13 Aprel 2016 16:10 SosialMilli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib."Olaylar" xəbər verir ki, qəbulda Necdet Ünüvar Türkiyə Respublikasının Prezidenti, Baş naziri, TBMM-nin Sədri və türk xalqı adından son günlər cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ölkəmizin verdiyi şəhidlərə görə Azərbaycan rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verərək, şəhidlərə Ulu tanrıdan rəhmət dilədi. Qonaq türk xalqının böyük oğlu Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" ifadəsini xatırlayaraq, hər zaman dost və qardaş kimi sevdikləri azərbaycanlıların yanında olduqlarını dilə gətirdi. O, erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərin azad olunmasında Azərbaycan əsgərinin göstərdiyi rəşadəti yüksək qiymətləndirərək, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını dedi. Bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirdi. Qeyd edildi ki, səfərdə olan nümayəndə heyətinin tərkibində müxtəlif partiya təmsilçilərinin olmasına baxmayaraq, Azərbaycan məsələsində türkiyəli deputatlar arasında fikir ayrılığı yoxdur. Bu Azərbaycan xalqına olan qardaş münasibətin bariz nümunəsidir. Milli Məclisin Sədri Oqtay Əsədov görüşdə səslənən fikirlərə görə Türkiyə rəhbərliyinə, qonağa və Türkiyə xalqına öz dərin təşəkkürünü bildirdi. Spiker Azərbaycana olan bu münasibəti ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Bir millət iki dövlət" ifadəsinin parlaq təzahürü kimi dəyərləndirdi. Qeyd edildi ki, dünyada elə bir iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibət bu qədər sarsılmaz və möhkəm olsun. Dərin tarixi köklərə malik bu dostluq digər dövlətlər üçün də bir nümunədir. Qəbulda parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.