Nizami rayonunda hesabat yığıncağı keçirilib
13 Aprel 2016 16:04 SosialRayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov iştirak edib. Yığıncağı açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov aprel ayının əvvəlində ermənilərin cəbhənin təmas xəttində törətdikləri silahlı təxribatdan danışaraq, düşmənə layiqli cavab verildiyini, Azərbaycan Ordusunun təmas xəttində mövqe üstünlükləri əldə etdiyini qeyd edib. Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev çıxışında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 117,5 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini və xidmətlər göstərildiyini, istehsal olunmuş məhsulun 100%-inin istehlakçılara göndərildiyini, müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcminin 80,3 milyon manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz çox olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hesabat dövründə rayonda 872 yeni iş yeri açılıb. Ümumilikdə isə 2003-cü ildən bu günə kimi 29067-si daimi iş yeri olmaqla 29631 yeni iş yeri açılıb. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara öz tapşırıqlarını verib.