Oqtay Əsədov Malayziya parlamentinin nümayəndələrini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Ronald Kiandeenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Olaylar" xəbər verir ki, parlamentdə fəaliyyət göstərən dostluq qrupu deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Spiker iqtisadi sahədə müəyyən nailiyyətlərimizin olmasına baxmayaraq, bu münasibətləri dərinləşdirmək üçün geniş imkanlar olduğunu qeyd edib. Bildirilib ki, bu günədək iki ölkə arasında 7 sənəd imzalanmış, 18 sənəd isə baxılmaq üzrədir. Sözsüz ki, əməkdaşlığın dərinləşməsində hüquqi bazanın mövcudluğu vacibdir. İqtisadi-ticari əlaqələrin inkişafı da iki dost xalqın rifah halının daha da yüksəlməsinə xidmət edəcək. Sədr söyləyib ki, Malayziya işgüzar dairələrinin Azərbaycanın neft, kimya və digər sosial- iqtisadi layihələrində iştirakı üçün geniş imkanlar vardır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz layiqli töhfəsini verməkdədir. Reallaşmaqda olan TAP və TANAP kimi qaz layihələri isə qitənin enerji xəritəsini tamamilə dəyişəcək. Dağlıq Qarabağ münaqişəsindən söz açan Spiker Azərbaycanın problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu söyləyib. Qeyd edib ki, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Xocalı soyqırımının tanınması ilə əlaqədar quruma üzv ölkələrə müraciət etmişdir: "Bu gün dünyanın 15 ölkəsi və ABŞ-ın 20 ştatı insanlığa qarşı bu cinayəti pisləmişdir. Biz Malayziya parlamentindən də belə bir addımın atılmasını gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00