Qafqaz Müsəlmanları İdarəsində şəhidlərin xatirəsi yad edilib

QMİ sədri: “Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi”

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) aprelin 1-5-də Ernənistan Silahlı Qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatın qarşısını alan zaman həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə QMİ Qazilər Şurasının üzvləri, din xadimləri, millət vəkillər və şəhidlərin yaxınları iştirak ediblər. Şəhidlərin ruhuna duaların oxunması ilə başlanan tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqların azad ediləcəyinə əmin olduğunu söyləyib: "Cəbhə xəttində baş verən son hadisələr Aərbaycan xalqı üçün bir imtahan idi. Sevindirici haldır ki, xalq bu imtahandan ruh yüksəkliyi ilə çıxdı. Məhz bunun nəticəsidir ki, bu gün də Azərbaycan prezidentinə xarici ölkələrdən dəstək gəlir: "İnsanlarımızda 1988-1991-ci illərdə olan, sonra itən vətənpərvərlik ruhunu görürəm. Bu, Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsidir. 1988-ci ildən sonra o vaxtkı Azərbaycan rəhbərliyi insanlarımızı qurban verib. Dövlət rəhbərliyinə aciz, asılı insanlar gəldi və insanların vətənpərvərlik ruhunu öldürdülər. Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət, ordu quruculuğu torpaqların işğaldan azad ediləcəyini deməyə əsas verir". Onun sözlərinə görə, Azərbaycan tərəfi məsələlərin sülh yolu ilə həll olunmasının, ədalətli sülhün tərəfdarıdır: "Buna baxmayaraq, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Sadəcə, Ali Baş Komandanın əmrini gözləyir. Hazırda xarici ölkələrdən də çoxsaylı soydaşlarımız orduya yazılmaq üçün prezidentə müraciət edirlər. Əvvəllər belə məsələ yox idi. Bu vətəndaşların vətənpərvərlik ruhunun artması deməkdir. Baxmayaraq ki, bizim başımızda əmmamə var, bizim də hər birimiz bir əsgərdir". Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib ki, QMİ sədri Azərbaycanın mənəvi qələbəsi üçün çox böyük işlər görüb: "Din xadimlərimiz Azərbaycanın böyük qələbəyə yaxınlaşmasını bir az da intensivləşdirdilər. İnşallah, Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyəti ilə biz torpaqlarımızın azad ediləcəyi günü görəcəyik. Ruhanilər çox böyük qüvvədir, onlar qələbənin ruhu üçün böyük xidmət göstərdilər və göstərirlər". Onun sözlərinə görə, artıq Azərbaycanda möhtəşəm ictimai-siyasi mühit formalaşıb. Bunun nəticəsidir ki, ordumuz göstərdi ki, torpaqlarımızı azad etmək iqtidarındadır. Bu həm də Azərbaycan xalqı və ictimaiyyətinin vəhdətini göstərdi: "Ümid edirik ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə bütün vasitələrdən idtifadə edərək torpaqlarımızı işğaldan azad edəcək". Mllət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, artıq düşmən Azərbaycan dövlətinin və ordusunun nəyə qadir olduğunu bilir: "Bu gün evlərdə Azərbaycan bayraqlarının dalğalanması, dövlət başçısının portretlərinin asılması hər şeyi göstərir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz hökmən qalib gələcəyik, qaçqın və məcburi köçkünlərimiz torpaqlarımıza qayıdacaq. Azərbaycan valqı və dövləti səbr nümayiş etdirir. Səbrin də bir həddi var. Ermənilərin mülki vətəndaşlara, uşaq və qocalara atəş açması zamanı Azərbaycan ordusu öz sözünü deməli idi və dedi. Ümid edirik ki, möhtəşəm qələbəmiz yaxındadır". Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bir neçə gün ərzində Azərbaycan xalqı qüdrətli xalq olduğunu ortaya qoydu: "Azərbaycan xalqı Ali Baş Komandan və ordumuzla bir yerdədir. Bir neçə gün davam edən döyüşlər göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə xalqda böyük ruh yüksəkliyi olduğunu vurğulayıb və şəhidlərə rəhmət diləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın mübarizəsinin haqq mübarizəsi olduğunu, şəhid anaları qarşısında baş əydiyini deyib. Millət vəkili Elman Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan xalqı birinci Qarabağ savaşında olduğundan 10 dəfə çox şəhid verməyə hazırdır, təki torpaqlar işğaldan azad edilsin. Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata xüsusən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğuna diqqət çəkib: "Bizim vəzifəmiz vətənpərvərlik ruhunu dəstəkləməkdir. Bu münaqişə həll olunmalıdır və Azərbaycan sülh və əmin-amanlıqda yaşamalıdır". Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev şəhidlərin Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçdiklərini söyləyib: "Şəhidlik ölümün üzünə dik baxanlara qismət olur. Dövlət başçısı dedi ki, mən tək Azərbaycan analarının deyil, erməni analarının da göz yaşlarını istəmirəm. Çünki hər atılan güllə bir ananın övladına dəyir. Ay erməni, sənin Azərbaycan torpağında nə işin var ki, meyitin də burada qalır?! Torpağın yoxdu?! Elə indiki torpağın da bizim torpağımızdır. Azərbaycan xalqı silahsız da Qarabağa getsəydi, qarşısında heç kim dura bilməzdi, çünki böyük ruh yüksəkliyi var. Bizim bu dünyada ən uca bayrağımız Qarabağ səmalarında dalğalanacaq". Millət vəkili Bəxtiyar Sadıxov bu gün xalqın gözünün birinin güldüyünü, birinin ağladığını deyib: "Sevinci bizə Azərbaycan ordusu, Ali Baş Komandan yaşatdı. Bizi ağladan isə itkilərimizdir". Şəhid atası Nadirşah Axundov bəyan edib ki, işğal altındakı torpaqlar tarixi Azərbaycan torpaqlarıdır: "O torpaqlar bizimdir və bizim olacaq. Bir şəhid atası kimi mən buna inanıram. Vətən sağ olsun!" Digər şəhid yaxınları da Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılacağına, Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün bərpa olunacağına inandıqlarını vurğulayıblar.Tədbirin sonunda Azərbaycandakı dini konfessiyaların rəhbərləri adından Ermənistanın təmas xəttində törətdiyi son təxribatla bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00