Sənədsiz, ucuz torpaq alırsınız?

Azərbaycan qanunvericiliyinə görə, sənədsiz torpaq üzərində hasarlama və ya tikinti işləri aparanların cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Tez-tez hansısa ərazidə sənədsiz torpaq satıldığına dair elanlarla rastlaşırıq. Təbii ki, sənədi olan torpaqla müqayisədə, sənədsiz torpaqlar daha ucuz olur. Fərdi yaşayış evinin inşası üçün bəzi şəxslər torpaq alarkən onun sənədlərinin qaydasında olub-olmadığını, satan şəxsin həmin torpağa dair səlahiyyətli olub-olmadığını və digər vacib halları aydınlaşdırmadan şifahi qaydada verilən məlumatla kifayətlənib torpaq sahələri əldə edirlər. Lakin bunun onlar üçün hansı ağır hüquqi nəticələrə gətirib çıxaracağı barədə düşünmürlər. Bununla bağlı məsələyə aydınlıq gətirən vəkil, hüquqşünas-ekspert Asif Abdullayev Milli.Az-a bildirib ki, sənədsiz torpaq almış şəxslər bilməlidirlər ki, sonradan həmin torpağın üzərində hasarlama və tikinti işləri apardıqları üçün cinayət məsuliyyətinə cəlb edilə bilərlər: "Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlayan, becərən və ya dəyişdirən, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutan  şəxs səkkiz min manatdan on min manatadək cərimə edilə və ya iki ilədək azadlıqdan məhrum edilə bilər. Torpağa hüququ olmadığı halda, həmin torpaqda özbaşına tikinti və ya quraşdırma işləri aparan şəxs isə bir ildən üç ilədək azadlıqdan məhrum edilə bilər. Eyni əməllər kənd təsərrüfatı torpaqlarında törədildikdə 3 ildən 5 ilədək, təkrar və ya öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə təqsirkar şəxs beş ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər". Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən, torpaq üzərində mülkiyyət, icarə və istifadə hüququ nəzərdə tutulur. Həmin hüququn rəsmiləşdirilməsi zəruridir. Əks təqdirdə, torpaqdan istifadə üçün hüquqi əsas qalmır: "Nəzərə almaq lazımdır ki, sənədsiz torpaq aldığınız halda, gələcəkdə həmin torpağa çıxarış almaq mümkün olmayacaq. Çıxarış almadığınız halda, mülkiyyət hüquqlarınız dövlət qurumu tərəfindən qeydə alınmayacaq. Torpaq Məcəlləsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00