Əmək Nazirliyi fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim etdi
13 Aprel 2016 14:38 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində yeni mənzillər inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Bu istiqamətdə tədbirlər Oğuz və Şəki rayonlarında da davam etdirilib və hər iki rayon üzrə 7 ədəd yeni fərdi yaşayış evi qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Onlardan 5 nəfəri Qarabağ müharibəsi əlilləri, 2-i isə şəhid ailələridir. Tədbirdə iştirak edən əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri möhtərəm dövlət başçısının əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıq hissi ilə bəhs ediblər. Onlar ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına yönələn və ildən-ilə güclənən tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını vurğulayıblar.