Aztəminatlı ailələrin həyatını dəyişəcək addım

Əhalinin sosial rifahının başlıca prioritet olduğu bir daha təsdiqini tapdı

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında hər zaman olduğu kimi dövlət başçısı bir sıra mühüm vəzifələrə toxunaraq öz tapşırıq və tövsiyyələrini verdi.
Prezidentin müşavirədə çıxışı zamanı diqqət yetirdiyi məsələlərdən biri də sosial mənzillərin tikintisi ilə bağlı idi. İlham Əliyev qeyd etdi ki, sosial mənzillərin tikintisi ilə bağlı proqram yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək: "Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır.
Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaq". Dövlət başçısının da qeyd etdiyi kimi sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq.
Prezidentin Nazirlər Kabinetində çıxışı zamanı sosial mənzillərlə bağlı söylədiyi fikirlər özünü çox gözlətmədi. Belə ki, müşavirdən qısa bir müddət keçdikdən sonra dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərman imzalandı. Həm dövlət başçısının Nazirlər Kabinetində keçirilən müşavirə zamanı çıxışı və verdiyi tapşırıq və tövsiyyələr, həm də müşavirədən keçən qısa müddət ərzində atılan məqsədyönlü addımlar onu deməyə əsas verir ki, Azərbaycan hökuməti, xüsusilə də dövlət başçısı üçün əhalinin sosial rifah halı, onun mənzil-məişət problemlərinin həlli başlıca prioritetdir. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra əksər neft ixrac edən ölkələrdə sosialyönümlü xərclər azaldılaraq bu istiqamətdə həyata keçirilən və ya planlaşdırılan layihələr təxirə salınsa da, lakin Azərbaycanda bunun əks tendensiyası müşahidə edildi. Hələ böhranın ilk günlərindən dövlət başçısı açıq şəkildə bəyan etdi ki, heç bir sosial layihə təxirə salınmayacaq. Əksinə yeni-yeni sosialyönümlü layihələr həyata keçiriləcək. Elə sosial mənzillərin tikintisi ilə bağlı məsələ də məhz bunun bariz nümunəsidir.
Heç şübhəsiz ki, sosial mənzillərin tikintisi əsasən məznil şəraiti ağır olan aztəminatlı ailələr üçün mühüm əhəmiyyət kəsb edəcək və onların mənzil şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Eyni zamanda bu layihə gənclərin mənzil-məişət problemlərinin həllində də müstəsna rol oynayacaq. Elə əksəriyyətin də qənaəti bundan ibarətdir. Milli Məclisin üzvü Əli Məsimli də deyir ki, sosial evlər əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulur: "Aprelin 9-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-qitisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bu haqda belə deyib: "Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların sosial evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır". Millət vəkili deyir ki, normativ-hüquqi aktlarda, bunun konkret meyarları qəbul ediləcək, konkret mexanizmi və qaydaları isə Nazirlər Kabinetinin qərarında öz əksini tapmalıdır: "Hazırda qüvvədə olan qaydaya görə, güzəştli ipoteka əsasən hərbi qulluqçulara, şəhid ailələrinə, məcburi köçkünlərə, idmançılara, gənc alimlərə və s. verilir. Təbii ki, bu siyahıya mənzili olmayan, şəraiti və güzəranı çox pis olanları da əlavə edib daha obyektiv bir siyahı tərtib etmək lazımdır". Əli Məsimlinin sözlərinə görə, Prezidentin Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasındakı çıxışında bu məsələyə geniş yer ayırması problemin həllinə "yaşıl işıq" yandırmaq effekti verir: "Hamımızın arzusudur ki, sosial evlər layihəsi elə bu ildən gerçəkləşməyə başlasın".
Prezident İlham Əliyevin sosial mənzillərin tikintisi ilə bağlı fikirləri, eləcə də bununla bağlı müvafiq fərman imzalaması ölkənin çoxminlik gənclər ordusu tərəfindən də sevinclə qarşılanıb. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bildirib ki, bu çox müsbət addımdır: "Gənc nəsil öz həyatlarını qurduğu zaman bir çox problemlə üzləşirlər. Bəzən iş tapmaq, ev almaq və digər problemlər onları yorur. Bunun da nəticəsində həmin gənclər öz vətəninə, millətinə istədikləri kimi xidmət edə bilmirlər. Amma, onların mənzil şəraiti yaxşılaşarsa bu artıq onların üzərindən çox böyük bir yükü götürmüş olacaq. Bundan sonra onlar öz inkişaflarına, çalışdıqları sahənin inkişafına, dolayısı ilə də ölkənin inkişafına fokus ola biləcəklər". Elvin Aslanovun sözlərinə görə, Azərbaycanın indiki postneft dövründə atmış olduğu bu addım cənab Prezidentin bir daha öz vətəndaşlarına göstərdiyi yüksək diqqətin nümunəsidir: "Bu diqqət həmişə olub, indi də var. Buna görədir ki, gənclər hər zaman cənab Prezidentin apardığı uğurlu siyasətin ətrafında sıx birləşirlər. Mən öz adımdan cənab Prezidentə verdiyi bu qərar üçün öz təşəkkürümü bildirirəm".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00