Keyfiyyətli eynək necə olur?

Keyfiyyətsiz eynəklər sağlamlıq üçün təhlükəlidir

Yaz fəsli gələr-gəlməz insanlar eynəkdən istifadəyə başlayıb. Əslində eynəklər funksiyasına və çeşidlərinə görə faydalı bir ləvazimatdır. Ancaq onlardan düzgün istifadə edilməməsi insanlar üçün mənfi fəsadlarla nəticələnə bilər. Hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də səyyar şəkildə eynəklər satılmaqdadır. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklərin necə gəldi satılması isə ciddi təhlükə mənbəyidir. Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun seçim edir və onları alırlar. İstehlakçıların yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçib aldığı bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatları isə kifayət qədər məhduddur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, eynək insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər.Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər, gün eynəkləri, qoruyucu eynəklər və sair. Eynəklər iki növ materialdan plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xameleon və s. misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Eynəklərin istifadə məqsədi də müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, günəş şüasından, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq üçün və ya sadəcə aksessuar kimi istifadə olunur. Şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Mövsümü olaraq daha çöx istifadə olunan gün eynəkləri isə əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir:"Yaхşı olar ki, eynək alarkən mütəхəssislərlə məsləhətləşin. Bilin ki, keyfiyyətsiz eynəklərin satışı göz хəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün billuruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın. Eynək alarkən mütləq onun etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır. Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir verin. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin. Eynəyin keyfiyyəli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyəlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin".

Məlumat üçün qeyd edək ki, adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz. Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək edər. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. "Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər. Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" müxtəlif cür - güclü və ya zəif dərəcədə tutqunlaşırlar. Odur ki, eynək alındığı zaman mütləq keyfiyyət sənədi soruşulmalıdır. Bu keyfiyyət sənədində də 99% və üzərində ultrabənövşəyi şüalardan qoruması ya da 400 nanometrdən az şüaları keçirmədiyinə dair məlumat olmalıdır. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xəttdə oynama olursa ya da qırılmalar olursa o eynək uyğun deyil deməkdir. "Tünd rəngli şüşələr ultrabənövşəyi şüanı qoruyar" demək səhv olar. Ona görə də gözlüklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00