Kazanda Azərbaycanın turizm potensialının təqdimatı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, "Tour A Vent" şirkətinin nümayəndəsi Yuliya Uba, eləcə də Jumeirah Bilgah Beach Hotel, Shamakhi Palace, Naftalan Hotel by Rixos, Intourist, Bulvar, Qarabağ otellərinin və Şahdağ Turizm Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Nümayəndələr təqdimat zamanı Azərbaycanın turizm potensialı haqqında geniş məlumat vermiş, öz məhsullarını təqdim ediblər. "Tour A Vent" şirkətinin nümayəndəsi çıxışında Kazan şəhərinin yaxınlığında yerləşən Ulyanovsk şəhərindən Bakıya açılması planlaşdırılan çarter reysləri haqqında məlumat verib. O qeyd edib ki, çarter reysin, oteldə yerləşmə, transfer və sığortanın daxil olduğu tam turizm məhsulunun yaradılmasında, Azərbaycanın Milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları"nın (AZAL) böyük köməyi olub. Həmçinin bildirilib ki, AZAL-la əməkdaşlıq çərçivəsində belə çarter reyslərin Rusiyanın Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı və Kazan şəhərlərindən də açılması nəzərdə tutulur.Tədbirin sonunda keçirilən lotereya oyununda Azərbaycana turpaketlər qazanılıb. Azərbaycanın turizm potensialının növbəti təqdimatı Ulyanovsk şəhərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00