Azərbaycan Londonda keçirilən beynəlxalq kitab sərgisində təmsil olunur
13 Aprel 2016 12:02 SosialLondonda növbəti beynəlxalq kitab sərgisinə start verilib. "OLAYLAR"-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə Azərbaycan da təmsil olunur. Sərgidə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm imkandır. Milli ekspozisiyamız Qız qalasının təsviri olan 55 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə yerli nəşriyyatlar tərəfindən çap olunmuş 350 adda 600-dən çox kitab sərgilənir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, ədiblərinin, incəsənət xadimlərinin - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Elçin, Anar, Kamal Abdulla və digərlərinin ingilis dilində nəşr olunmuş kitabları ziyarətçilərə təqdim edilir. Stenddə Qarabağa və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə də yer alır. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə hazırladıqları, əsassız erməni iddialarını tarixi sənədlər və elmi əsaslarla ifşa edən ingilis dilində kitablar da nümayiş olunur. Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları, o cümlədən Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir.