Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu yenidən qurulur

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, ilkin mərhələdə 24,5 km. uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 6,8 km. hissəsinin, ikinci mərhələdə isə yerdə qalan 17,7 km. hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km. yolun 1,1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. İlkin mərhələdə nəzərdə tutulan 6,8 km-lik yolun yerdə qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə uyğun olaraq Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunda hərəkət hissəsinin eni 15 m., ayrıcı zolağın eni 5 m., hər iki istiqamət üzrə çiyinlərin eni 3,75 m. olmaqla torpaq yatağinin eni 27,5 m. olması nəzərdə tutulub. Bundan başqa əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün bir istiqamət üzrə 3 m. enində piyada səkiləri tikiləcək, xüsusi "cib"li avtobus dayanacaqları və yerüstü piyada keçidləri inşa ediləcək. Ümumilikdə layihə boyu 21 ədəd ( yolun 6,8 km-lik hissəsində 6 ədəd ) avtobus dayanacağı və 8 ədəd (yolun 6,8 km-lik hissəsində 3 ədəd ) yerüstü piyada keçidinin inşası aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00