Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
12 Aprel 2016 15:18 SosialAprelin 12-də "Azərsu" Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Şon Sullivanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Şon Sullivan"Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı"nın icrasından razılığını bildirib və əlavə edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır. Görüşdə "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı"nın icrası və növbəti mərhələlərdə maliyyələşdiriləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Layihə çərçivəsində Göyçay şəhərində su və kanalizasiya şəbəkələrin tikintisi başa çatmış, tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq gedir. Ağdaş və Beyləqan şəhərlərində isə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.
Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender keçirilib və 2016-cı ildə işlərə başlanılacaq.