Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalar
Onlardan qorunmaq yolları qanunla tənzimlənəcək
12 Aprel 2016 13:32 SosialMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 12-də keçirilən iclasında uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirəyə çıxarılıb. İclasda "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara uşaqların hüquqlarını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib. "Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) edilməsi nəzərdə tutulan layihəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur. "Telekommunikasiya haqqında" qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34-cü maddəsinə (Abunəçilərin hüquq və vəzifələri) nəzərdə tutulan dəyişiklikdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq. Qeyd edək ki, sözügedən komitənin sədri Aqiyə Naxçıvanlı dövlət başçısının imzası ilə parlamentə daxil olan hər iki sənədin eyni zamanda, cəmiyyətin sosial sifarişi və onların qəbuluna ciddi ehtiyac olduğunu deyib. Müzakirələrdən sonra hər iki qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.