Səmərəli istifadə, yoxsa cəzalandırma metodu?
İstifadəsiz torpaqları dövriyəyə qaytarmaq əsas şərtdir
12 Aprel 2016 13:00 SosialÖtən həftə baş tutan Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz qalması ilə bağlı problemə toxunub. Bildirib ki, fermerlər bu və digər səbəblərə görə sahib olduqları torpaqlarda əkib-biçin aparmırlar. Nəticədə hektarlarla sahə istifadəsiz qalır. Dövlət başçısı istifadəsiz qalan torpaqları dövriyyəyə qaytarmaq üçün təkliflərin hazırlanması barədə tapşırıq verib. Əldə olunan məlumata görə, artıq müvafiq qurumlar mövcud problemin aradan qaldırılması məqsədilə təkliflər hazırlayıblar. Təklifə əsasən torpağında əkin-biçin aparmayan fermerlər cəzalandırılacaq, hətta əlavə vergiyə cəlb olunacaqlar. Torpaq Məcəlləsinə əlavə olunaması nəzərdə tutulan dəyişiklikdə örüş, otlaq və biçənəklər istisna olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əgər mülkiyyətçi ardıcıl iki il torpaqda əkin-biçin aparmasa, cərimələnəcək. Bununla yanaşı, həmin fermerlər əlavə vergiyə cəlb olunacaqlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və müvafiq qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirləri gücləndirib. Komitə tərəfindən Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Həmçinin, monitorinqlər və torpaq reydləri zamanı mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılır. Belə monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir. Aparılmış monitorinqlər nəticəsində məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir. Monitorinqlər zamanı aşkar edilib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Müxtəlif təyinatlı torpaq sahələrinin özbaşına zəbt olunması və əsassız istifadəsi isə həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır. İndiyədək torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16709 hal aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri tərəfindən 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilib və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunub.
Maraqlıdır, torpağı qanunsuz zəbt edənləri cəzalandırmaqla istifadəsiz torpaqların dövriyəyə qaytarılmasına nail olmaq mümkündürmü? Qeyd edək ki, torpaq ehtiyatlarının qorunması və davamlı istifadəsi həm təbii ehtiyatların qorunması, həm də əhalinin ərzaq məhsulları təmin olunması baxımından böyük əhəmiyyətə malikdir. Torpaq ehtiyatlarının deqradasiyası prosesi torpağın məhsuldarlığını, əsas məşğuliyyəti əkinçilik olan əhalinin gəlirlərini azaldır. Bu proseslərin güclənməsi son nəticədə demoqrafik dəyişikliyə, əhalinin yoxsulluq səviyyəsinin yüksəlməsinə və digər mənfi nəticələrə səbəb ola bilər. AMEA-nın Coğrafiya İnstitutundan bildirilib ki, Azərbaycan respublikasının ümumi torpaq ehtiyatı 8 milyon 641 min hektara bərabərdir. Bunun təxminən 4 milyon 756 min hekatrı (55 faizə qədəri) kənd təsərrüfatına yararlı sahələr sayılır. 1,7 milyon hektarı, yəni 35 faizdən çoxu əkinə və dincə qoyulmuş torpaq sahələridir. Statistik rəqəmlərdən göründüyü kimi adambaşına düşən torpaq ehtiyatımız başqa ölkələrə nisbətən çox azdır. Amma bizim təbii iqlim şəraitimiz və s. bu torpaqlardan daha səmərəli etmək imkanımız kifayət qədərdir. Ümumi hesablamalara görə 43 faizə qədər Azərbaycan torpaqları erroziyaya uğramış torpaqlardır. Haradasa bu torpaqların 15 faizə qədəri şiddətli erroziyaya uğrayıb. Torpaqlar heç yararlı deyil. Kür-Araz ovalığı deyilən ərazilərdə Azərbaycanın ən intensiv əkin sahələridir. Burada torpaqların ən böyük problemi su erroziyası, daha doğrusu şoranlaşma prosesinə məruz qalmasıdır. Bu ərazilərdən vaxtilə, müharibəyə qədər olan dövürdə tərəvəzçilik, bostançlıq, heyvandarlıq üçün istifadə olunub. Amma Mingəçevir Su Elektrik Stansiyası tikildikdən sonra müyyən müddətə müsbət xüsusiyyətlərələ yanaşı, mənfi problemlər də yaradıb. Çünki müasir dövrə uyğun suvarma sistemləri qurulmadığına görə, həddən artıq suvarma nəticəsində bu ərazilərin torpaqları şoranlaşmaya məruz qalıb. İndi həmin torpaqların təmizlənməsi prosesinə ehtiyac var. Ən böyük qlobal problemlərdən də biri subtropik və tropik ərazilərdə kütləvi şəkildə səhralaşma prosesinin baş verməsidir ki, bu qlobal bir problemdir. Azərbaycan da subtropik və mülayim qurşaqda yerləşdiyindən bu problemdən yaxa qurtara bilməyib və onun da fəsadları ölkədə mövcuddur. Artıq Azərbaycan bəzi sahələrdə dünyanın ən qabacıl sıralarına qoşulmaqdadır. Belə halda qarşıda duran əsas məsələlərindən biri də torpaqlardan yüksək səviyyədə istifadə edilməsidir. Nəzərə almaq lazımdır ki, torpaqlarından yüksək səviyyədə məhsuldarlıq əldə etmək böyük əkinçilik mədəniyyətinin məhsuludur. Əsas məsələlərdən biri də torpaqların suvarılması ilə bağlıdır. Bu problem suvarma sisteminin köhnə olması, onların müasir tələblərə uyğun olmaması, ən vacibi müasir texnologiyalara müraciət olunmaması səbəbindən yaranır. Problemin özünü göstərdiyi Kür-Araz ovalığında torpaqların artıq yuyulması, onların dövrüyyəyə qoşulması Azərbaycan höküməti qarşısında bir nömrəli problem olmalıdır. Yuyulduqdan sonra o torpaqların təkrar şoranlaşmaması üçün müasir texnologiyalara uyğun şəkildə suvarma sistemləri qurulmalıdır. Bütün sadalananlara baxmayaraq fakt ondan ibarətdir ki, Azərbaycanda vətəndaşlarının kənd təsərrüfatı məhsulları ilə tam təmin edilməsi üçün kifayət qədər torpaq sahəsi mövcuddur. Sadəcə, həmin sahələrdən səmərəli istifadəyə ehtiyac var. Məhşur Azərbaycan filmində deyildiyi kimi: Torpaq deyir öldür məni, dirildim səni".
Alim