Qalib şəhidlərimiz

Elçin Hüseynbəyli

Dünən səhər tezdən izdiham səsinə oyandım. Saat yeddini təzəcə ötmüşdü. Nizami rayon İcra Hakimiyyətinin qarşısı insan seliylə doluydu. Onlar şəhid mayor Urfan Vəlizadənin cənazəsini Salyan kazarmasına yola salırdılar. Cənazə gecə gətirilmişdi. O, aprelin 2-də düşmən tərəfindən vurulmuş hərbi vertalyotun pilotuydu. "Lələtəpə" uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Urfan Vəlizadə bizim qonşumuz idi. Türkiyədə təhsil almışdı. Gözəl, ziyalı ailəsi vardı. Toylarında da olmuşdum...Xatirəm kədərli, gerçəklik isə qürurvericiydi. Vertalyotları vurulmuş hərbçilərimiz onu düşmən mövqeyinə çırpmışdılar. Onlar qalibiyyət şəhidləriydi. Çünki həyatları bahasına çox mühüm strateji yüksəkliyi düşməndən geri almışdılar...Neçə gün idi ki, qonum-qonşu, elə bütün Azərbaycan xalqı onların cənazəsinin düşməndən geri alınmasını gözləyirdi. Saatlarla, günlərlə matəm çadırında oturub dərdləşirdilər...
Salyan kazarmasından sonra dörd qəhrəman zabitlərimiz - polkovnik-leytenant Murad Mirzəyev, mayor Ürfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılov İkinci Fəxri Xiyabanda dəfn edildi. Müdafiə naziri, general polkovnik Zakir Həsənov və digər yüksək rütbəli zabitlərimiz də ordaydı. Ümumən, mərasimdə sıravi əsgərdən tutmuş, generala, şagirddən tutmuş millət vəkillərinə qədər - hamı ordaydı. Hamı elliklə şəhidlərimizlə vidalaşırdı. Bu, xalq-ordu və dövlət üçbucağının təcəssümüydü. Amma bu vida mərasimi hüznlə yox, alqışlarla müşaiyət olunurdu. Mən bu cür izdihamı Yanvar şəhidləri dəfn olunarkən görmüşdüm. Bütün yol boyu, elə Fəxri Xiyabanın özündə də gələcəyin cavan döyüşçüləri "Şəhidlər ölməz, vətən bölünməz!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Qarabağ bizimdir, bizim qalacaq!" kimi şüarlar səsləndirirdilər.
Səhər saat yeddidən başlamış dəfn mərasimi axşamüstü, saat 15-də yekunlaşdı. Amma insanlar İkinci Fəxri Xiyabandan hələ də ayrılmaq istəmirdilər. Çünki hər kəsin qəlbi şəhidlərləydi.
Şəhidlərimiz alqışlarla torpağa tapşırılandan sonra yolboyu öz-özümə düşünürdüm ki, dövlətimiz başda olmaqla elliklə hamı onların ailəsinin qayğısına qalmalıdır. Və elə həmin axşam eşitdim ki, vertolyot ekipajının hamısının ailəsi mənzillə təmin olunub...Urfan Vəlizadə bizim yanımızda kirayədə yaşayırdı. İki körpə qızı qalmışdı. Dəfn zamanı
onun səkkiz yaşlı qızına Azərbaycan bayrağı təqdim olunanda hamının gözü yaşardı.
Hər dörd zabitin ailələri doğmalarının həlak olmasının ağrı-acısını çəksələr də, bu cür övladlar böyütdüklərinə görə daxili bir qürur da duyurdular.
O da qürurvericidir ki, üç rəngli Azərbaycan bayrağı son günlər məmləkəıtin hər yerində dalğalanır: yolda, parkda, evlərin balkonlarında... Uşaqdan böyüyə hamı bayraqlarımızın işğalda olan torpaqlarımıza sancılacaq günü gözləyir. Məşhur şüarda deyildiyi kimi "Qarabağ bizimdir, bizim qalacaq!" Çünki bizim buna haqqımız çatır. Bizə qələbə yaraşır. Bir gün gələcək ki, haqq-ədalət öz yerini tutacaq!
Xalqımız buna ürəkdən inanır. Bu inamın daha da möhkəmlənməsinə qalib şəhidlərimiz yardımçı oldu.
Qalib şəhidlərimizin ruhu şad olsun!

12 aprel 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00