Deputat: "Sosial şəbəkələr, bəzi saytlar və telekanallar insanlara qəddarlıq hissləri təlqin edirlər"

"Bu gün sosial şəbəkələr, bəzi saytlar və portallar, telekanallar insanlara qəddarlıq, vəhşilik hissləri təbliğ edirlər". Bunu millət vəkili Tahir Rzayev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 12-də keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, insanlığı, humanizmi təbliğ etmək yerinə, qəddarlığı, vəhşiliyi təbliğ, təlqin etmək daha çox da yetişməkdə olan nəslin, uşaqların və yeniyetmələrin şüuruna, tərbiyəsinə, fiziki sağlamlığına, psixikasına ciddi və mənfi təsirlərlə müşaiyət olunur. "Vaxtilə, ata-babalarımızın zamanında belə bir adət-ənənə vardı ki, hansısa bir evə, elə bəd, qara xəbər gələndə həmin evin uşağını başqa kəndə, başqa yerə, qonşuya göndərərdilər. Çünki istəmirdilər, istəməzdilər ki, bu qara, bəd xəbər həmin uşağın psixikasına pis təsir göstərsin. Və yaxud, ailədaxili məsələləri belə valideynlər, yaşlı adamlar öz aralarında həll edirdilər, uşaqları bu məsələlərdən uzaq tutardılar. Hətta, ailənin ehtiyacını belə uşağa, övlada deməzdilər ki, ona pis təsir edər. Ancaq bu gün belə deyil, tam bunun əksidir. İnternet, sosial şəbəkələr həyatımıza ciddi surətdə müdaxilə edir, daxil olur və bir çox hallarda da öz mənfi nəticəsini göstərir. Bu yaxınlarda özüm şahidi olmuşam- bir neçə azyaşlı qız uşağı internetdə bir-biri ilə tanış olublar və sonra hamısı evlərindən qaçıb gediblər. Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün deyil. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar, bəlli deyil. Ona görə də insanlarımızın, xüsusilə. uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00