Radikalların təxribatına xaricdən də etiraz gəldi

Rəşad Quliyev: “Tez-tez itkilərin statistikasını yayanlar kimə və nəyə xidmət etdiklərini anlayırlarmı?”

Bu hərəkətlər yalnız və yalnız məğlub duruma düşmüş düşmən ordusu üçün mənəvi təsəlli, onların təbliğatı üçün ciddi arqumentdir"

Təmas xəttində baş verən erməni təxribatı və cəbhədə gedən 4 günlük hərbi əməliyyatlardan sonra Azərbaycanla Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunması nədənsə bəzilərini qane etməyib. Hər zaman Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşan, onu həzm edə bilməyən xarici dairələr və onların daxildəki əlaltıları indi də hakimiyyəti hərbi əməliyyatları mənasız yerə dayandırmaqda ittiham edir. Azərbaycanda ictimai rəyi çaşdırmağa, insanlar arasında ruh düşkünlüyü yaratmağa çalışan siyasi dairələr sırasında Əli Kərimli və onun yaxın ətrafı xüsusi fəallığı ilə seçilir. İstər son günlər Əli Kərimlinin verdiyi açıqlamalar, istərsə də onun yaxın ətrafının sosial şəbəkələrdə yazdıqları statuslar və rəylər də yalnız bir məqsədi daşıyır. İctimai rəydə Azərbaycan hakimiyyəti və Silahlı Qüvvələrin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara kölgə salmaq. Təbii ki, proseslərə bu cür qərəzli, düşmən mövqeyinə uyğun şəkildə yanaşmalar hər bir azərbaycanlı da etiraz yaradır. Elə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları və onların təmsilçiləri də bəzi siyasi dairələrin erməni lobbisinin maraqlarına xidmət edərək Azərbaycan hakimiyyəti, onun Silahlı Qüvvələri barədə mənfi rəy yaradılmasına qəti şəkildə etiraz edirlər. Hər halda son günlər xaricdə yaşayan bir çox soydaşlarımızın yaydıqları açıqlamalardan bunu aydın görmək mümkündür.

Almaniyada yaşayan soydaşımız, yenicə təsis olunan Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Təşəbbüs Qrupunun üzvü Rəşad Quliyev də hesab edir ki, belə bir həssas məqamda maksimum dərəcədə diqqətli olmaq, təxribatlara aldanmamaq lazımdır: "Həssas bir məqamda, sinirlərin tarıma çəkildiyi, milli vətənpərvərlik ruhunun gücləndiyi bir dövrdəyik. Bu gün müxtəlif şəxslər az qala dərə-təpə gəzib şəhid xəbərlərini verib, düşmənləri sevindirmək üçün çox cəhdlər edirlər. Bu şəxslər ya "PanamaPapers" qalmaqalından istifadə edir, ya da ölkəmizdəki ictimai siyasi vəziyyəti, gündəmə gətirir, hücumu yarımçıq dayandırdıqlarına görə Müdafiə Nazirliyini, bir sözlə hakimiyyəti ittiham edirlər. Bu hərəkəti edən insanlar siyasi savadı olan və şüurlu şəkildə hansı hərəkəti etdiklərinin fərqində olduqlarını anlayan insanlardır. Bu gün erməni ordusu mənəvi psixoloji sarsıntı keçirir. Zabitlər, hərbi xidməti keçən dostlar, hərbi siyasətdən anlayışı olanlar bilir ki, bir post belə ələ keçirmək qarşı tərəfin ordusunun mənəvi psixoloji durumuna nə qədər pis təsir edir. Tez-tez itkilərin statistikasını yayanlar kimə və nəyə xidmət etdiklərini anlayırlarmı? Bu hərəkətlər yalnız və yalnız məğlub duruma düşmüş, canlı və zirehli texnika, hərbi strateji yüksəklik sarıdan itkilər vermiş düşmən ordusu üçün mənəvi təsəlli, onların təbliğatı üçün ciddi arqumentdir. Ömründə əlində silah tutmayan , hərbi nizam intizamdan anlayışı olmayanların klavyatura arxasında "qəhrəmanlıq" etməklə məşğul olmasını mənasız hesab edirəm. Məlumatsız toplum isə hər yalana, saxtakarlığa inanmasın, bu yalana , düşmənə xidmət edən təbliğatlara uymasınlar". DAA təmsilçisi deyir ki, bu gün Ermənistan , böyük şok içərisindədir: "İnternet əsridir, buyurun daxil olun, erməni politoloqlarının, fəallarının səhfələrinə. Gah Rusiyanı xəyanətdə ittiham edirlər, gah BMT baş katibi Pan Ki Munu lağa qoyur, gah da Avropa İttifaqını tərəfkeşlikdə ittiham edirlər. Hər tərəfdən erməniləri məğlub duruma salmışdıq. Həm iqtisadiyyatda, həm regional əməkdaşlıq və layihələrdə, həm də texnoloji və elmi inkişafda. Sonuncu zərbəmiz hərb meydanında oldu. Onlar bizim bəyanatları ciddiyə almırdılar. Qısa zamanda 4 gün içindəki həmləmiz onları maksimum şəkildə güzəştlərə məcbur etmək idi. Digər tərəfdən sizlər bilməmiş deyilsiniz ki, şansımıza qonşuluqda bizi sevməyən Rusiya və İran kimi ölkələrlə həmsərhədlik nəsib olub. Biz onların dövlətimizə qarşı məkrli planlarını bilirik. Məsələ burasındadır ki, savaşın müvəqqəti dayandırılması beynəlxalq güclərin təzyiqi altında atılmış addımdır. Dünyada elə bir lider yoxdur ki, o torpaqlarını işğaldan azad edib tarixə qəhrəman kimi düşmək istəməsin. Ona görə ölkə başçısı lazım olan addımları atıb və atacaq. Siyasət hisslərlə yox, ağılla idarə olunur. Kənardan baxıb rəy vermək çox asandır. Hadisənin içərisində olduğunuz zaman başqa reallıqlar və vəziyyətlə qarşılaşacaqsınız. Bu düşündüyünüz kimi facebooka girib yazmaq qədər asan deyil. Ona görə hər kəs bir şeyi paylaşarkən mütləq diqqətli və ehtiyatlı olmalıdır. Bu gün bizə bu çox vacib lazımdır. Əks halda paylaşdığınız yalnış , dəqiqləşməyən, təsdiqini tapmayan yazıları erməni mətbuatı özlərinin düşdüyü panik və sarsıntıdan çıxmaq üçün fürsət olaraq istifadə edəcəklər. Biz isə ermənilərə sosial şəbəkələrdə mədəni, əsaslı cavablarımızla, xaricdə olan təşkilatları məlumatlandırmaqla işimizi davam etdirməliyik. Bizə həmrəylik lazımdır. Bir olaq , güclü olaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00