İşsizlər bir müddət sonra başqalarını işlə təmin edəcəklər

Milli.Az xəbər verir ki, prezident İlham Əliyevin əhalinin özünüməşğulluğuna köməyin göstərilməsi məqsədi ilə imzaladığı sərəncamın detallarını açıqlayan əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov bildirib ki, bu məqsədlə prezidentin ehtiyat fondundan ayrilan 6 milyon manat 1400-ə yaxın aztəminatlı ailəyə biznes qurmaq imkanı verəcək. Bununla 68 rayonda yaşayan aztəminatlı ailələr öz bizneslərini qura biləcək. Hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə 4000 manat həcmində vəsait ayrılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, seçim aparılarkən ünvanlı sosial yardım alan ailələrə üstünlük veriləcək. Xüsusi ilə də o ailələr seçiləcək ki, burada ən azı iki nəfər əmək qabiliyyətli insan olsun. Bununla bərabər, layihənin icrasında onlara verilən təsərrüfat əşyalarının, mal-qaranın və sairənin sığortalanması da təmin ediləcək.

S.Müslümov deyib ki, hazırda ölkədə 120 min ailə ünvanlı sosial yardım alır. Onların 45 faizində valideynlərdən biri yoxdur. Bu ailələr yeni layihəyə cəlb edilməyəcək. Onlar sadəcə bundan sonra yardımlarını almaqda davam edəcəklər.

Əhalinin özünüməşğulluqla bağlı həyata keçirilən yeniliklərə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Milli.Az-a bunun çox təqdirəlayiq addım olduğunu və müsbət nəticələr verəcəyini bildirib:

"Ünvanlı sosial proqramın yeni mərhələyə keçirilməsinə ehtiyac var. Etiraf etmək lazımdır ki, bu proqram ünvanlı sosial yardım alan ailələri büdcədən asılı edir və yumşaq desək, ələbaxımlılığa öyrəşdirir. Ona görə də yeni məşğulluq mexanizminin tətbiq edilməsi olduqca vacib idi".

Ekspert qeyd edib ki, yeni sistem yerlərdə ailələrin məşğulluğunun təmin edilməsi, işsizlərin sayının və dövlətin sosial yükünün azaldılmasına gətirib çıxaracaq: "Yəni bu, həm dövlət büdcəsindən ayrılan vəsaitə qənaət edilməsinə, həm də vətəndaşların özlərinə iş yeri yarada bilməsinə gətirib çıxaracaq. Biz də əvvəllər təklif edirdik ki, məsələn, ailə ay ərzində 200 manat sosial yardım alır. Yardımın 2 il ərzində verildiyini nəzərə alsaq, bu ümumilikdə 4800 manat vəsait edir. Ona görə də daha məqsədəuyğun olardı ki, ailəyə hər ay 200 manat verməkdənsə, ona birdəfəlik 4-5 min manat ödəniş edilsin, ailə həmin pulla öz işini, biznesini qura bilsin. Əvvəla, bu imkan verəcək ki, ailə həm öz məşğulluğunu təmin etsin, özü üçün iş yeri yaradıb büdcədən asılı olmasın və dövlətin sosial yükünü xeyli azaltsın, ikincisi, ailə biznesini qurmaqla qohumları, yaxınları, digər şəxslər  üçün də yeni iş yerləri yaratsın. Bu həm də büdcə ödənişlərinin artması deməkdir. Ona görə də yeni sistemin yaradılması məqsədəuyğun idi. Yeni sistem imkan verəcək ki, həm ünvanlı sosial yardım alanların sayı azalsın, aztəminatlı ailələrin büdcədən asılılığı aradan qalxsın, həm də öz təsərrüfatlarını qursun, iş yerləri yaratsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00