Nazirlik: "Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 45,8 min nəfərdən çox artıb"
11 Aprel 2016 17:29 SosialƏmək fəaliyyəti ilə məşğul olan vətəndaşların gələcək etibarlı pensiya təminatını stimullaşdıran fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin yanvar-mart aylarında 45 min 837 nəfər artaraq, 3 milyon 225 min 991 nəfərə çatıb. Onlardan 674 min 698 nəfəri (20,9 faiz) 30 yaşa qədər və 811 min 537 nəfəri (25,2 faiz) 30-40 yaşlarında olan vətəndaşlardır. Qeydiyyatda olan sığortaolunanlar sırasında 40-50 yaşlarında olanlar 653 min 590 nəfər (20,2 faiz), 50-60 yaş aralığında olanlar 682 min 239 nəfər (21,1 faiz) 60 yaşdan yuxarı olanlar isə 403 min 927 nəfər (12,5 faiz) təşkil edir.Ölkəmizdə mütərəqqi beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunan müasir sığorta-pensiya sistemi əmək pensiyalarının vətəndaşlar tərəfindən onların fərdi hesablarına toplanan pensiya kapitalı əsasında hesablanmasını nəzərdə tutur. Əhalinin bu sistemə mütəmadi artan marağının göstəricisi kimi, son bir ildə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayında 185 min nəfərə yaxın artım qeydə alınıb.