UNEC tələbələrinə Montpellier Universitetinin diplomunu almaq imkanı yaradılıb

UNEC rektoru, professor Ədalət Muradov Fransanın Montpellier Universitetində səfərdə olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, səfər zamanı UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Sənəd hər iki universitetin tələbələrinə İqtisadiyyat, Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat və Biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə UNEC və Montpellier Universitetlərinin diplomlarını əldə etmək imkanı verəcək. Eyni ixtisas üzrə həm Azərbaycan Dövlət İqtisad Universiteti, həm də Fransanın Montpellier Universitetinin diplomunu almağa imkan verən proqramda ilk iki tədris ilini UNEC-də təhsil almış və 120 kredit qazanmış mükəmməl ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. III kursda proqram üçün artıq seçilmiş tələbələrə iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək. Birinci variantı seçən tələbələr III kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönəcək və təhsillərini IV kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. İkinci variant olaraq tələbələrimizə Azərbaycan Dövlət İqtisad
Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılmış proqram üzrə III kurs təhsilllərini UNEC-də davam etdirmək təklif olunur. Bu zaman tələbələrimiz bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunan tanınmış professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini alacaqlar. Hər iki variantı seçən tələbələr təhsillərinin III kursunda tələb olunan kreditləri qazandıqdan sonra sonuncu tədris ilini UNEC-də davam etdirəcəklər. Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə edən tələbələrimizə həm UNEC-in, həm də Montpellier Universitetinin diplomları təqdim olunacaq. Proqram UNEC tələbələrinə Montpellier Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00