Əbülfəs Qarayev Ucarda vətəndaşlarla görüşüb
11 Aprel 2016 14:14 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 11-də Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ucar, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qəbula gələnlərin müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. Bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Görüşdən sonra jurnalistlərə açıqlama verən nazir deyib ki, bu dəfəki görüşdə də aktual məsələlərə toxunulub. Əbülfəs Qarayev mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, mədəniyyət ocaqlarının müvafiq vəsaitlərlə təmin olunması ilə bağlı təkliflərin vacibliyini qeyd edib. Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini söyləyən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.