“Azəravtoyol” ASC-yə 4 ədəd xüsusi təyinatlı maşın verilib
11 Aprel 2016 14:13 Sosial"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 ədəd Çin istehsalı olan xüsusi təyinatlı maşın verilib. Səhmdar Cəmiyyətin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, maşınlar Azərbaycan və Çin Hökümətləri arasında 2015-ci ildə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ölkəmizə gətirilən və "China Civil Engneering Construction Corporation" şirkətinin istehsalı olan 50 ədəd kommunal təyinatlı xüsusi maşınlardan verilib.
Qeyd edək ki, xüsusi təyinatlı maşınlar Azərbaycan-Çin arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın gələcək inkişafı məqsədi ilə Azərbaycan Respublikası Hökümətinə 4,5 milyon ABŞ dolları məbləğində ayrılan növbəti qrant yardımı hesabına göndərilib. Bununla bağlı keçirilən tədbirdə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, həmçinin Nazirlər kabinetinin nümayəndələri iştirak ediblər. Bu dəfə gətirilən 50 ədəd məişət tullantıları daşıyan (orta tutumlu), çirkab suları sovuran (assenizator), su daşıyan, yolları süpürən maşınlardan 4 ədədi (1 əd.çirkab suları sovuran, 1 əd.su daşıyan və 2 əd.yolları süpürən maşın) "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə verilib. Digər maşınlar isə respublika üzrə müvafiq dövlət qurumlarına paylanılacaq.