Zamin hansı öhdəliklərə sahibdir?

Borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyır

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən kredit borcları olan müştərilərin məhkəməyə verməsi prosesi davam etməkdədir. Bununla yanaşı, son vaxtlar banklardan kredit borcunu ödəyə bilməyən vətəndaşlara hədə xarakterli zənglər edilir. Zəng edən bank əməkdaşları bildirirlər ki, borclarını ödəmədikləri təqdirdə iş yerlərinə şikayət olunacaq. Eyni zamanda, rəsmi iş yeri olmayan borclular isə həbs ediləcəklər. Maraqlı məqamlardan biri odur ki, məhkəmələr tərəfindən borcluya zamin durmuş şəxslər barəsində qərarların çıxarılması müşahidə olunur. Bəs, qanunvericilikdə zamin hansı öhdəliklərə sahibdir?

Hüquqşünas Alim Hüseynli bildirib ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verərək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Zamin kreditorla bağladığı müqavilə əsasında borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qanunvericiliyin tələblərinə əsasən, öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və ya zaminlik müqaviləsində zaminin subsidar (əlavə) məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidar məsuliyyəti müəyyən edildikdə, kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icrasını tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor zaminə qarşı tələb irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, zamin kreditorun qarşısında borclunun öhdəliyinin borclu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda, müəyyən məsuliyyəti öz üzərinə götürür. Onun sözlərinə görə, statistikaya əsasən bank kreditləri daha çox fiziki şəxslərin zəmanəti əsasında verilir. Əgər borcalanın vicdansız olduğu üzə çıxarsa, yəni o pulu qaytarmaqdan imtina edərsə, kreditorlar pulu zamindən tələb etməyə başlayır və ya borcu borcalanın mülkiyyətinə yönəldir. Borcun bağlanması ilə problem yarandığı təqdirdə bank hər iki borcalana qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmənin sonrakı qərarları müqavilədə əks olunmuş zaminin məsuliyyət dərəcəsinin ölçüsündən asılıdır. Əgər zamin öz şəxsi evi ilə borcalana zəmanət veribsə, həmin mülkiyyət hərraca çıxarıla bilər: "Əksər hallarda zamin qismində duran şəxsin məsuliyyəti ödəniləməli olan borcun pul ekvivalentinə bərabər olur. Pullar zaminin əməkhaqqından tutulur. Həmin pullar bank qarşısında borcluluğu arandan qaldırmaq məqsədi ilə bankın hesabına köçürülə bilər. Borcu tamamılə ödədikdən sonra zamin xərclənmiş pulu borcalandan tələb etmk hüququna malikdir. Borcalanın zərəri kompensasiya etməkdən imtina etdiyi təqdirdə zaminin həmin şəxsi, yəni borcalanı məhkəməyə verməyə tam hüququ vardır, o məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər, bu zaman onun mütəmadi olaraq, ödənişləri həyata keçirməsini təsdiqləyən sənədlər də lazım olacaqdır. Ödəniş qəbzlərini, həmçinin borcalandan kompensasiya tələbi ilə bağlı sifariş məktubunu məhkəməyə müraciət ərizəsinə əlavə etmək lazımdır.
   Məlumdur ki, borc məbləği üzərinə əlavə edilən cərimələr, penyalar və digər komisyon haqları ilə ağırlaşdıqda hadisələrin təsvir olunmuş inkişaf ssenarisi daha da ağrılı olur. Bəs, zaminlik müqaviləsinin qeyri-qanuni elan edilməsi mümkündürmü? Hüquqşünasın sözlərinə görə, məhkəmə belə bir qərar qəbul edə bilər, yalnız o halda ki, zamin kredit müqaviləsinin bütün şərtlərindən agah edilməyibsə. Zamin həmçinin kredit borcunun ödənməsi prosesində kredit müqaviləsinə müəyyən dəyişiklik edilibsə, zaminlik müqaviləsi ilə bağlı iddia qaldıra, onun qüvvədən düşməsini tələb edə bilər. Əgər dəyişiklik zaminin xəbəri olmadan baş veribsə, o həmin müqaviləyə görə məsuliyyət daşımaqdan imtina edə bilər. Çünki kredit müqaviləsinin şərtlərində bütün növ dəyişikliklər zaminlə yazılı formada razılaşdırılmalıdır.
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Bir daha xatırladaq ki, zaminlik öhdəliyin icrasının təminatı üsuludur və müqavilədən irəli gəlir. Zaminlik müqaviləsi borc (kredit) müqaviləsi bağlanan zaman və ya onun qüvvədə olduğu istənilən vaxt bağlanıla bilər. Hər hansı kredit müqaviləsi üzrə neçə nəfərin zamin olacağını tərəflər özləri müəyyən edirlər. Başqa sözlə desək zaminlikdə say məhdudiyyəti yoxdur. Bankın tələbinə gəldikdə isə, bu bankın kredit məhsulundan, həmin kreditin məbləğindən, borclunun aylıq əməkhaqqılarından asılıdır. Odur ki, hüquqşünaslar müqavilə bağlayarkən, onun şərtlərini diqqətlə oxumağı, həmin müqavilənin onun üçün nə qədər əlverişli olmasına diqqət yetirməyi tövsiyə edirlər. Gələcəkdə borc ödənilmədiyi təqdirdə həmin borcun onlar tərəfindən ödəniləcəyi riskini göz altına almalıdırlar. Buna görə də tanımadıqları, əmin olmadıqları birinə zamin olmaqdan qəti şəkildə çəkinməlidirlər.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00