Bədəni su ilə təmin edən, qan təzyiqini azaldan bitki

İstehsalının mövsümi хaraкter daşımasına baхmayaraq süfrəmizin ayrılmaz hissəsi olan xiyar gündəlik qidalanmada geniş istifadə olunur. Bu məhsulun tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr olduğundan hər kəs mövsüm ərzində ondan daha çox istifadə etməyə çalışır. Fizioloji normaya əsasən insan orqanizminin normal fəaliyyəti üçün tələb olunan bitkilərin tərkibində xiyarın da xüsusi çəkisi vardır. Ona görə də sağlamlığının qayğısına qalan hər bir istehlakçını xiyar alarkən onun hansı əlamətlərinə fikir verilməsi, saxlanma şəraiti və temperaturu, forma və ölçüləri ilə bağlı suallara cavab axtarır.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, xiyar balqabaqkimilər fəsiləsinə daxil olan bitki növüdür. O həm açıq torpaqda, həm də istixanalarda yetişdirilir. Xiyarın tərkibində 95% su, az miqdarda nişasta, qlükoza, fruktoza, vitaminlər və s. vardır. Xiyar toxumlarının tərkibində 30%-ə qədər zülallı maddələr və 31,5% yağ olur. Xiyarın kimyəvi tərkibi onun növündən, becərildiyi torpaq-iqlim şəraitindən, yetişmə dərəcəsindən və saxlanılma müddətindən asılıdır. Xiyarın təsərrüfat botaniki növləri bir-birindən formasına, ölçüsünə, rənginə və səthinin vəziyyətinə (hamar və ya qabırğalı) görə fərqlənir. Yetişmə müddətinə görə tezyetişən, ortayetişən və gecyetişən qruplarına bölünür. Xiyar bədəni su ilə təmin edir, qan təzyiqini azaldır, susuzluğu aradan qaldırır, böyrək daşının yaranmasının qarşısını alır, baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyar tumu qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir. Xiyar növündən asılı olaraq müxtəlif ölçüdə olur. Yetişən zaman növünə xarakterik hala gəldikdə yığılır. Vaxtında yığılmadıqda rəngi ağarıb, saralır, kobudlaşır və istifadəyə yararsız vəziyyətə düşür. Ondan təzə, duza və sirkəyə qoyulmuş halda istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti vardır. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Xiyarın mineral maddələri qələvilik xassəsinə malik olduğundan başqa məhsullarla orqanizmə daxil olmuş zərərli turşuların neytrallaşmasına kömək edir. Xiyar növləri qara tikanlı və ağ tikanlı qruplarına bölünürlər. Qara tikanlı xiyar növləri əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə edilir. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Ağ tikanlı növlər isə əsasən təzə halda istifadə edilir. Bu növ xiyarların qabığı duz məhlulunu pis keçirirdiyinə görə onlar duza və sirkəyə qoyulmaq üçün az yararlıdır. Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla müxtəlif çalarlı, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola bilər. Satış yerlərində bu məhsullar günəş şüalarından mühafizə olunmalı və sərin yerdə saxlanmalıdır. Açıq sahələrdə yetişən xiyarları 6-8ºC, istixanalarda yetişən xiyarları 10-12ºC temperaturda saxlamaq məsləhətdir. Bu zaman havanın nisbi rütubəti 90-95% olmalıdır. Qeyd olunan şəraitdə xiyar 2-3 həftə saxlanıla bilər. Xiyar alarkən onun formasına və rənginə diqqət edilməlidir. Xırda ətliyi bərk, rəngi yaşıl olan xiyarlar daha keyfiyyətli hesab olunur. Rəngi ağarıb-saralmış, forması kobudlaşmış xiyarları almaq məsləhət görülmür. Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, xüsusi gübrələrin istifadəsi ilə yetişdirilən məhsullar satıla bilər. Bu cür məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur və onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Bu məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir.
Qeyd etdiyimiz kimi xiyardan eyni zamanda duza və sirkəyə qoymaq üçün də istifadə edilir. Hazırlanmış bu məhsullar bankalara doldurulur və ağzı qapaqla kip bağlanır. Qablaşdırılmasında əsas etibarilə şüşə bankalardan istifadə edilir. Bankaların keyfiyyətini yoxlamaq üçün onlar ağzı aşağı çevrilir. Əgər qapağın kənarlarından su axarsa və hava dənəcikləri qabın dibinə qalxırsa, deməli bağlanma pis yerinə yetirilibdir. Rənginin bulanması onların xarab olmasını deməyə əsas verir. Ümumiyyətlə konservləşdirmə üçün istifadə olunan xiyar sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının şişkinliyinə səbəb olur.
Qablaşdırılmış xiyar turşusu markalanmalı və etiketdə aşağıdakı gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır: istehsalçı müəssisənin adı və ünvanı; məhsulun adı və növü; əmtəə nişanı; xalis çəkisi; istehsal tarixi; saxlama müddəti və şəraiti; məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatlar və s. Bütün bu məlumatlar etiketdə aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Bu məhsulların saxlanma müddəti istehsalçı tərəfindən müəyyən edilir. Bilin ki, keyfiyyətsiz xiyar turşusu sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər. Qeyd olunanları nəzərə alaraq hər bir istehlakçı turşudulmuş, duza və sirkəyə qoyulmuş xiyar alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00