Şəmkir – Dəllər mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib
11 Aprel 2016 12:25 SosialAzərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. "OLAYLAR"-ın quruma istinadən verdiyi xəbərə görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Martın 11-də Şəmkir - Dəllər mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 78 km dəmir yolu əsaslı təmir olunub.