Azərbaycanda mülkiyyət əleyhinə cinayətlər törətmiş 742 qrup və 15 mütəşəkkil dəstə zərərsizləşdirilib
8 Aprel 2016 18:50 SosialBu il Azərbaycanda mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. APA-nın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegoya iclasında bildirilib. Kollegiyada qeyd olunub ki, bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb. Nəzərə çatdırılıb ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük əhəmiyyəti olub. "102" xidməti və "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 69 oğurluq, 66 oğurluğa cəhd, 6 soyğunçuluq, 10 quldurluq, 9 nəqliyyat vasitəsinin qaçırılması və sair cinayətlər "isti izlərlə" açılıb, axtarışda olan 158 avtomobil saxlanılıb.
Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə, əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə mühafizəyə götürülmüş obyektlərin sayı 1170, mənzillərin sayı isə 1233 vahid artıb. Qorunan obyektlərdə 144 oğurluq hadisəsinin qarşısı alınaraq 74 nəfər yaxalanıb.
2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı məruzə ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış edib. O, bildirib ki, qəbul olunmuş yeni qanunvericilik aktları əsasında cinayətlərin qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi istifadəyə verilib. Qabaqlayıcı iş sahəsini tənzimləyən geniş normativ baza yaradılıb.
Cinayətlərin, xüsusən ailə-məişət zəminində, əvvəllər məhkum olunmuş şəxslər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlərin qarşısının vaxtında alınması, profilaktik iş qurumlarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə özündə qabaqlayıcı tədbirləri əks etdirən göstərişlər hazırlanaraq yerlərə göndərilib.