Olduğunuz kimi görünün - KÖŞƏ
20 May 2014 15:33 SiyasətMəşədi Cəfər
Ötən həftə bir sıra xoşuma gəlməyən hadisələr oldu ki, qərara gəldim bu barədə yazı qaralayım. Əvvəla, erməni cavanları Laçında şəkil çəkdirib paylaşdılar ki, alman-sovet müharibəsində nemeslərə əsir düşmüş o məşhur personajın sözü olmasın, bu mənim çox xətrimə dəydi. İkincisi, Ukraynanın devrilmiş prezidenti üzə çıxdı, yenə Moskvanın sözünü dedi ki, bu da məni pəjmürdə etdi. Üçüncüsü, metroda rastlaşdığım köhnə həmkarlarımdan biri üzünü o yana çevirib məni Osmanlı arxadaşlar demiş, görməzdən gəldi. Bu xanım ablanı yaxşı tanıdığımdan və televizyada işlədiyini bildiyimdən hərəkətində gözlənilməz heç nə yox idi. Çünki mənim yazılı mediada külüng çalan həmkarlarım yaxşı bilir ki, televiziyaya keçən jurnaslist (istisna da var) bir qayda olaraq 1 aya yekəxana olur, adam saymır. Dəfələrlə belə olub. İndi bu xanım abla təzəlikcə televiziyaya işə düzəlib. Botoks etdirib, kənddən gələndə gözə girən əyri burnunu, eybəcər dodaqlarını düzəldirib. Özünün də bir verilişi olmalıdır. Baxımlı deyil, olsaydı adı yadımda qalardı. Mənə ağdamlı qaqalar demiş, çöçün gələn xanım ablanın mənə sırt çevirməsi olmadı e, bunu gözləyirdim. O oldu ki, bu adam axı bir dəfə televiziyada olub çıxmış, sonra bir müddət işsiz qalmış, arada-bərədə dərdləşmişdik. İşsizlikdən, pulsuzluqdan filan. Hə, onu da deyim ki, televiziyadan transfer etdiyi dövlət qurumunda da fırıldaqçılıq etmiş, idarə rəisini pis vəziyyətdə qoymuşdu. Vallah, babalı deyənlərin boynuna, deyilənə görə, 150 min dollarlıq informasiya ötürübmüş. Belə deyirlər ha, əldə türk demiş kanıt yoxdur. Amma xanım ablanın qısa zaman kəsiyində "novostroyka"da mənzil alması şübhələrə yol açırdı. Nə isə, nəyimizə lazımdı, onsuz da zəmanə fırıldaq zəmanəsidir. Ola bilər ki, doğrudu, ola bilər doğru deyil. Boşuna günaha girməyək. Bizi qayğılandıran da bu deyil. Adamı fikrə salan insanın dönüklüyü, yekəxanalığı, xaraktersizliyidir. Xaraktersizlik dedim, başqa bir həmkarımın hərəkətləri yadıma düşdü. Deməli, qəzetlərin birində 90-larda mətbuata gəlmiş bir yazar var. Aşağı əyarlı yazarlardan biridir. Adam facebookda, telefonda olduqca şən, deyib-gülən, zarafatcıl olurdu. Bir gün bunu metroda gördüm. Görməz olaydım. Tam ciddi görkəmdə dayanmış, sanki birinci dəfə görüşürmüşük kimi salamlaşdı. Bu "xarakterinə", əslində xaraktersizliyinə görə, adamı ərkyana qınadım. Pah, işə çatan kimi məni facebookda bloka atdı. Elə güman eləməyin e, məşədi belə şeylərdən pəjmürdə olur, qanı qaralır. Yox, getdiyim haqqı. Belə xırda məsələlərə vaxtımız nə gəzir. Adamı sıxan tək şey adamların etibarsızlığı, xaraktersizliyi, simasızlığıdır. Belə olmaz, dostlar! Olduğunuz kimi görünməyə çalışın!