Ortaq mənəvi dəyərlər siyasi dialoqun təməlini təşkil edir-Özəl
15:08 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız malik olduqları təbii sərvətlər və iqtisadi potensialla deyil, həm də qurduqları tərəfdaşlıqların əhatə dairəsi, regional proseslərə təsir imkanları və uzunmüddətli əməkdaşlıq strategiyaları ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşü də məhz bu əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm platforma kimi diqqət çəkir". "Olaylar" xəbər verir ki, bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı ölkəmizin regional əməkdaşlığa yanaşmasını, iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində prioritetlərini və qarşılıqlı tərəfdaşlığın gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərə yalnız mövcud əlaqələrin inkişafı kimi deyil, həm də ortaq iqtisadi imkanların reallaşdırılması, nəqliyyat marşrutlarının genişləndirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından yanaşır.
Azərbaycanın Məşvərət görüşünün tamhüquqlu iştirakçısına çevrilməsi bu münasibətlərin inkişafında əhəmiyyətli mərhələdir. Prezident İlham Əliyev çıxışında bu qərara göstərilən dəstəyə görə həmkarlarına təşəkkürünü bildirərək Türkmənistanın təşəbbüsünü xüsusi qeyd etdi. Bu fakt Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının artıq daha geniş siyasi və strateji çərçivədə inkişaf etdiyini göstərir. Ölkəmizin bu platformada iştirakı Xəzər dənizinin hər iki sahilində yerləşən dövlətlər arasında əlaqələrin daha sistemli qurulmasına və ortaq maraqların uzlaşdırılmasına imkan yaradır.
Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən əsas amillərdən biri tarixi və mədəni yaxınlıqdır. Ortaq mənəvi dəyərlər, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətləri siyasi dialoqun möhkəm təməlini təşkil edir. Bununla yanaşı, müasir dövrdə bu yaxınlığın konkret iqtisadi nəticələrə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışında da əməkdaşlığın praktiki istiqamətlərinə, birgə layihələrə və qarşılıqlı investisiyaların artırılmasına geniş yer verilməsi bu yanaşmanın mahiyyətini əks etdirir".