Ukraynanın neytrallıq təşəbbüsü: Sülhə aparan addım, yoxsa yeni danışıqların başlanğıcı?-ÖZƏL

Ukraynanın neytral statusu ilə bağlı qanun layihəsi Ali Radaya təqdim edilib. "Strana.ua"nın məlumatına görə, deputat Anna Skoroxod tərəfindən hazırlanan sənəd artıq parlamentin saytında dərc olunub. Poroşenko dövründə Konstitusiyaya salınan NATO və AB-yə üzvlük kursundan NATO bəndinin çıxarılması təklif edilir. Skoroxod yalnız Avropa Birliyinə üzvlük hədəfinin saxlanılmasını istəyir. Layihədə deyilir: "Ukraynanın heç bir hərbi ittifaqa daxil olmamaq zəmanəti və heç bir ölkəyə qarşı təcavüz niyyətinin olmaması kimi neytral statusu təsbit olunur". Nəşr vurğulayır ki, neytral status Rusiyanın sülh danışıqları üçün əsas tələblərindən biridir. Bu fonda ABŞ dövlət katibi Marko Rubionun NATO ilə bağlı açıqlaması və Trampın "müharibə tezliklə bitəcək" deməsi diqqət çəkir.

NATO üzvlüyü Ukrayna konstitusiyasından çıxarılır? Bu layihə fərdi deputat təşəbbüsüdür, yoxsa Vaşinqton-Moskva razılaşmasının ilk siqnalı?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Burada bizim çox incə bir məqam var ki, onu gözdən qaçırmamaq və onun üzərində dayanmaq lazımdır. Nədir həmin məqam? Baxın, deyək ki, parlament qəbul etdi, prezident ratifikasiya etdi, Ukrayna oldu neytral statuslu bir dövlət. Biz sülhdən danışırıqsa, əgər Ukraynanın tək məqsədi mütləq NATO-ya üzv olmaq deyildisə, onun əsas məqsədlərindən biri də ərazi suverenliyi və şərtlərindən biri də ərazi suverenliyinin bərpa edilməsi idi. İndi burada belə bir məsələ ortaya çıxır ki, Rusiya tərəfi müharibə başlayanda demişdi ki, NATO bizim sərhədlərimizə, qərb sərhədlərimizə gəlir, şərqə doğru genişlənir və biz də buna görə Ukraynada bunun qarşısını almaq üçün əməliyyatlara başlayırıq.

İndi neytral Ukrayna reallığında Rusiya bəs işğal etdiyi ərazilərdən çıxacaqmı? Yəni, Ukraynanın ərazi suverenliyi tanınacaqmı? Mənə elə gəlir ki, Rusiya buna razı olmayacaq. Rusiyanın buna razı olmadığı reallıqda bu dəfə Ukrayna tərəfi tərəfsiz ölkə olsa belə, hansısa sülh razılaşmasına, yaxud atəşkəsə gedəcəkmi və ya hansı şərtlər daxilində gedəcək? Bunu öncəliklə bu sualın cavabını tapmaq lazımdır. Ola bilsin ki, Ukrayna tərəfi bunu bir xoşməramlı təşəbbüs kimi düşünmüş, planlamış olsun və ya həqiqətən də ölkəni müharibədən çıxarmaq və dövlətin varlığını qoruyub saxlamaq, həmçinin iqtisadiyyatı tamamilə çökməkdən və infrastrukturu yerlə-yeksan olmaqdan xilas etmək üçün belə bir təşəbbüs hazırlanmış ola bilər və irəliyə doğru, yəni sonrakı danışıqlarda Ukrayna bunu özünə bir üstünlük kimi istifadə etmək məqsədində ola bilər. Amma burada tərəfi Ukraynadan asılı olmayan nöqtə də artıq var. Əgər müharibədən əvvəl Ukrayna bunu etsə idi, böyük ehtimalla ki, heç müharibə başlamazdı. Ancaq indiki reallıqda müharibə var, işğal olunmuş ərazilər var, bir-birinə zidd olan maksimalist istəklər var. Bunların hamısının cavabı tapılmalıdır ki, biz hansısa sülhdən və ya belə deyək, razılaşmadan, atəşkəsdən danışa bilək. Mənə elə gəlir ki, bu plan daha çox ABŞ-ın, ümumiyyətlə, Qərbin məsləhəti ilə Ukrayna tərəfindən sülhə doğru atılmış bir addımdır. Onlar bununla da Rusiyanın aqressiyasının qarşısını almağa çalışacaqlar. Amma sonrakı mərhələdə yeni əngəllər ortaya çıxacaq, əgər bu qəbul olunarsa belə. Nədir o əngəllər? Rusiya işğal etdiyi ərazilərdən çıxmaq istəməyəcək. Ukrayna da sülhün şərti kimi işğal olunmuş ərazilərində tam suverenliyinin, yəni öz dövlət suverenliyinin bərpasını istəyəcək. Oradakı formal müstəqilliklərin ləğv edilməsini və Rusiya qoşunlarının həmin ərazilərdən çıxmasını tələb edəcək.

Rusiya tərəfi də, mənə elə gəlir ki, iki məqamda buna getməyəcək. Çünki daxili auditoriyaya "biz nələrsə qazandıq" mesajı verilməlidir. Və o qazandıqlarını da öz əlləri ilə geri qaytarsalar, onda onların bir növ Rusiya daxilində xalqa hesabat verməsi üçün əsası qalmayacaq. Xalq tələb edəcək: "Niyə girmişdik, nə var idi Ukraynada?" Sadəcə Ukraynanın neytrallığına nail olduq deməklə, onlar, əlbəttə ki, Rusiya xalqına məntiqli cavab verməmiş olarlar.

Ona görə də burada sülhün əldə edilməsi bir az artıq çətin məsələyə çevrilir. Bu neytrallıq statusu ilə də düşünmürəm ki, həyata keçəcək bir şeydir. Çünki neytrallıq məsələsi, birinci, ilkin xoşməramlı addım kimi qəbul olunmalıdır.

Sonrakı əsas addımlar ki, orada tərəflər necə razılaşacaqlar, hansısa şərtlər altında razılaşacaqlar. Hər kəs olduğu yerdə qalsa, bu, olacaq atəşkəs. Çünki bundan Ukrayna xalqı və dövləti heç cür razılaşa bilməzlər ki, əraziləri Rusiyada qalsın. Rusiya da heç cür razılaşmayacaq ki, işğal etdiyi, bu 5 ilə yaxın müddətdə işğal etdiyi bütün əraziləri qeyd-şərtsiz tərk etsin və onları Ukraynaya qaytarsın".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31