Bəhruz Quliyev: “Şəhidlərin xatirəsi daşlara yazı ilə deyil, milli yaddaşda yaşadılmalıdır” – ÖZƏL

"Şəhid adı Azərbaycan cəmiyyətində adi ad deyil. Bu adın arxasında bir insan həyatı, bir ailənin ağrısı, Vətən uğrunda verilmiş ən böyük fədakarlıq dayanır. Ona görə də şəhidlərin xatirəsinin qorunması hər birimizin mənəvi borcudur. Amma burada çox mühüm bir məsələ var ki, şəhidin adını yaşatmaq istəyərkən onun uğrunda qorunan Vətənin tarixi və mədəni simasına zərər vurmaq olmaz".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə, Şuşa kimi şəhərlərdə bu məsələ daha həssasdır. Şuşanın qayaları, küçələri, tarixi binaları, qala divarları, təbii landşaftı sadəcə daş və torpaq deyil. Bunlar Azərbaycanın çoxəsrlik tarixinin canlı yaddaşıdır. Hər bir qaya, hər bir tarixi tikili, hər bir küçə bu şəhərin keçmişindən xəbər verir. Belə bir məkanda kiminsə qayanın, divarın və ya tarixi obyektin üzərinə ad, şüar və digər yazılar həkk etməsi, niyyətindən asılı olmayaraq, həmin tarixi-mədəni mühitə müdaxilədir. Bəzən bunu edən insanlar "Mən şəhidin adını əbədiləşdirirəm, Vətənpərvərlik nümayiş etdirirəm" düşüncəsi ilə hərəkət edə bilərlər. Amma vətənpərvərlik yalnız niyyətlə ölçülmür, davranışın nəticəsi ilə də ölçülür. Əgər bir şəhidin adını yaşatmaq üçün Azərbaycanın tarixi abidəsinə, təbii qayasına və ya şəhərin estetik görünüşünə zərər vururuqsa, burada müəyyən ziddiyyət yaranır. Axı şəhidlər nə uğrunda canlarından keçiblər? Azərbaycanın torpağı, tarixi, mədəniyyəti, şəhərləri və gələcəyi uğrunda. O zaman həmin torpağın özünü qorumaq da şəhidlərin xatirəsinə ehtiramın bir formasıdır.

"Hesab edirəm ki, şəhidlərin adlarını qayalara yazmaq onların xatirəsini əbədiləşdirməyin nə yeganə, nə də doğru yoludur. Əsl əbədiləşdirmə şəhid adlarının xiyabanlarda, memoriallarda, muzeylərdə, kitab və sənədlərdə, rəqəmsal yaddaş platformalarında, təhsil və mədəniyyət layihələrində yaşadılmasıdır. Şuşanın hər hansı qayasına yazılmış bir ad müəyyən müddət görünə bilər. Lakin peşəkar şəkildə yaradılmış memorial, muzey ekspozisiyası və ya rəqəmsal arxiv həmin adı gələcək nəsillərə daha layiqli şəkildə çatdıra bilər. Digər mühüm məsələ isə odur ki, belə yazılar təkcə estetik problem yaratmır. Tarixi və təbii obyektlərin səthinə boya, kimyəvi maddə və digər materialların tətbiqi obyektin fiziki vəziyyətinə təsir göstərə, sonradan onun təmizlənməsini və bərpasını çətinləşdirə bilər. Burada söhbət təkcə bir qayanın üzərindəki yazıdan getmir. Söhbət milli yaddaşın necə qorunmasından gedir. Biz gələcək nəsillərə hansı Şuşanı ötürmək istəyirik? Tarixi siması, memarlığı və təbiəti qorunmuş Şuşanı, yoxsa hər daşında müxtəlif şəxslərin özbaşına yazdığı sözlər olan bir şəhəri? Əlbəttə, şəhidlərin adları unudulmamalıdır. Əksinə, onların hər birinin adı layiq olduğu şəkildə yaşadılmalıdır. Amma bunun yolu tarixi obyektləri yazılarla "işarələməkdən" keçmir. Şəhidin adına hörmət etmək üçün Şuşanın daşına toxunmaq yox, Şuşanı qorumaq lazımdır. Vətənpərvərlik şəhərin divarına ad yazmaq deyil. Vətənpərvərlik həmin divarın tarixini bilmək, onu qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Bu baxımdan aidiyyəti qurumların da maarifləndirmə işlərini gücləndirməsi, tarixi və təbii obyektlərin qorunması ilə bağlı qaydaları daha aydın şəkildə ictimaiyyətə çatdırması vacibdir. İnsanlara "bunu etməyin" deməklə yanaşı, şəhidlərin xatirəsini necə və hansı mədəni üsullarla əbədiləşdirməyin mümkün olduğunu da göstərmək lazımdır. Çünki şəhidlərin xatirəsi bizim müqəddəs yaddaşımızdır. Müqəddəs yaddaş isə daşların üzərinə yazılmamalı, nəsillərin şüuruna həkk olunmalıdır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31