AGI dövrü başlayır-Hazır olmalıyıq- ÖZƏL

"OpenAI GPT-6 Astra-nı 3 sentyabr 2026-cı ildə rəsmi olaraq təqdim etdi və "AGI dövrünə" daxil olduğumuzu elan etdi. Astra kompüterdən istifadə, proqramlaşdırma, elm, kibertəhlükəsizlik və mürəkkəb peşəkar tapşırıqlarda əvvəlki modellərdən böyük sıçrayış nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent Asəf Qənbərov deyib: "AGI - süni ümumi intellekt insan səviyyəsində müxtəlif intellektual və praktiki tapşırıqları yerinə yetirə, öyrəndiklərini yeni problemlərə tətbiq edə bilən süni intellekt anlayışıdır. 2030-cu illərə qədər tam və ya yüksək səviyyədə avtonom AI modellərinin geniş yayılması böyük ehtimaldır. Yəni süni intellekt sadəcə suallarımıza cavab verməyəcək; məqsədi qəbul edib plan quracaq, alətlərdən istifadə edəcək və işi başdan sona özü icra edəcək.

Bu, bəşəriyyət üçün möhtəşəm imkanlar deməkdir: elm, tibb, təhsil, mühəndislik və iqtisadiyyatda böyük dəyişikliklər bizi gözləyir. Amma təhdidlər də az deyil. İş yerlərinin transformasiyası, gücün və sərvətin tək əldə cəmləşməsi, kibertəhlükəsizlik və ən əsası - insan nəzarətinin qorunması ciddi problemlər olacaq. OpenAI özü də Astra-nın kibertəhlükəsizlik qabiliyyətinin "kritik" səviyyəyə çatdığını bildirir.

Lakin məncə, qarşıdakı dövrün ən böyük suallarından biri texnologiyadan daha çox bizim özümüzlə bağlıdır. Hələ də millət, din, məzhəb, cinsiyyət və digər fərqlər üzərindən bir-birimizlə mübarizə aparırıq. Dindar-ateist qarşıdurması belə bu kontekstdə nə qədər mənasız görünür! Görün, biz hələ də nəyi müzakirə edirik: "kişi qadından üstündürdü?", "haqq məzhəb hansıdır", "ateistin əxlaqı ola bilərmi", "nə mutlu Türküm deyənə!" və s. Halbuki qarşımızda tamam başqa miqyasda bir dəyişiklik dayanır. Unutmayaq ki, bizi bir çox sahədə üstələyə biləcək AGI-lərin nə cinsiyyəti, nə milləti, nə də dini olacaq.

Məncə, AGI dövründə əsas sual artıq "kim kimdən üstündür?" olmamalıdır. Əsas sual bu olmalıdır: "İnsanlıq bu nəhəng gücdən birlikdə necə istifadə edəcək?" və "yeni eraya necə uyğunlaşacaq?" Çünki AGI dövrü başlayır. Hazır olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31