Seçicilər sel sularının fəsadlarını aradan qaldırmaq üçün deputatdan kömək istədilər- ÖZƏL

Milli Məclisin deputatı Asif Əsgərov deputat seçildiyi Zaqatala rayonunda növbəti seçici qəbulu keçirib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkilki özü məlumat verib: "Zaqatala rayonunun dağ kəndlərindən biri olan Sabuncu kəndində növbəti vətəndaş qəbulumuzu keçirdik. Qəbul zamanı kənd sakinlərini narahat edən məsələləri dinlədik, onların müraciətləri və təklifləri ilə yaxından tanış olduq.

Sakinlərin müraciətlərində bir müddət əvvəl yağan intensiv yağışlar nəticəsində sel sularının yaratdığı fəsadlar, xüsusilə təsərrüfatlara və infrastruktura dəymiş zərər, yol infrastrukturunun vəziyyəti və içməli su ilə bağlı məsələlər əsas yer tutdu. Hər bir müraciət diqqətlə dinlənildi. Bir sıra məsələlər yerində həllini tapdı, millət vəkilinin səlahiyyətləri çərçivəsində olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürüldü. Vətəndaşlarımızın müraciətlərinin diqqətdə saxlanılması və onların həlli üçün bundan sonra da ardıcıl fəaliyyət göstərəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31