Qarabağda dalğalanan üç rəngli bayrağımız qürur mənbəyimizdir- ÖZƏL

"Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycanın müasir siyasi tarixinin mühüm bir hissəsidir". "Olaaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır və mürəkkəb vəziyyətlə üz-üzə idi. Dövlət müstəqilliyimiz təhlükə altında idi, ölkədə siyasi böhran hökm sürür, torpaqlarımız işğal olunurdu. Belə bir zamanda Azərbaycan xalqı öz gələcəyini, dövlətçiliyimizin xilasını böyük siyasi təcrübəyə və xalqın etimadına malik olan Heydər Əliyevdə görürdü. 

21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Burada əsası qoyulan siyasi yol sonrakı illərdə Azərbaycanın inkişaf və tərəqqi yoluna çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdi. Ölkədə sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişafın əsasları yaradıldı və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də güclü və müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf konsepsiyasını yaratması idi. Müstəqil dövlətçilik, azərbaycançılıq ideologiyası, milli birlik, güclü iqtisadiyyat, qüdrətli ordu və milli maraqların hər şeydən üstün tutulması bu siyasi irsin əsasını təşkil edir.

2003-cü ildən etibarən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirildi və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.Ötən illər ərzində ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan böyük inkişaf yolu keçdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, müstəqil siyasət yürüdən və milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətə çevrildi. Bu siyasətin ən böyük tarixi nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi, ata vəsiyyətini yerinə yetirdi. Bu gün üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda və bütün azad edilmiş torpaqlarımızda dalğalanması hər birimiz üçün sonsuz qürur mənbəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31