Ermənistanda Rusiyanın hərbi mövcudluğunu kim əvəz edə bilər?- ÖZƏL
11:14 Dünya"Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda yerləşən 102-ci hərbi bazanın çıxarılması ilə bağlı açıqlaması heç də hərbi məsələ deyil, bu, Ermənistana açıq və birmənalı xəbərdarlıqdır, hansı ki, siyasi təzyiq ritorikasını da aşır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Bəli, Paşinyan bu günə kimi Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasını tələb etməyib. Ancaq Moskva çıxmaq qərarı verərsə, Ermənistanın buna mane olmayacağını bildirir. Yəni, təşəbbüsün Rusiyaya aid olması ehtimalı olsa da, mümkün nəticələrə görə məsuliyyəti Ermənistan daşıyacaq.
Putinin "Ermənistan xalqı istəsə" ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir. İlk növbədə, söhbət hazırkı hakimiyyətin mövqeyindən deyil, potensial olaraq referendum və ya başqa siyasi mexanizmlərdən gedir. Yəni, Moskva Paşinyan hakimiyyətinin qərarını əslində qanuni hesab etmir və Ermənistanın dövlət olaraq siyasi iradəsini Paşinyan iqtidarından kənar görür.
Əgər 102-ci baza Ermənistandan çıxarılarsa, ardınca Ermənistanın KTMT-dan hüquqi çıxışı və Avrointeqrasiya prosesinin sürətlənməsi baş verərsə, bu, Rusiyanın Ermənistanı tərk etməsi yox, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövcudluğunun taleyinə çevriləcək. Rusiyanın Ermənistanı, Cənubi Qafqazı itirməsi onun böyük dövlət, qlobal güc, imperialist mahiyyətindən geri çəkilməsi anlamına gəlir ki, bu da heç də inandırıcı gəlmir.
Hər bir halda, burada əsas sual çıxır: əgər Rusiya Ermənistandan çıxarsa, onun hərbi mövcudluğunun yerini kim tutacaq? Avropa qüvvələrinin, Fransa kimi ayrıca dövlətlərin Ermənistanda Rusiyanı əvəz etməsi real və optimal variant kimi görünmür. Belə bir addım regionda yeni qarşıdurma xətti yarada bilər. Nəinki belə vəziyyətdə, ümumiyyətlə, İranın da Ermənistanda hərbi mövcudluq istəyi özünü gizlətməyib. Ancaq beynəlxalq yanaşma belədir ki, Cənubi Qafqazda Rusiya İrandan məqbul variant hesab olunur.
Son vaxtlar intensivləşən Moskva-Vaşinqton təmasları ABŞ qüvvələrinin elə TRIPP marşrutunun təhlükəsizliyi məqsədi ilə Ermənistanda yerləşdirilməsi məsələsinin müzakirəsi istisna deyil və ehtimal ki, Rusiyaya Ukrayna bataqlığından üzüağ çıxmaq imkanının verilməsi şərti ilə. Ancaq Rusiyanın mümkün Ermənistan güzəşti onun Ukrayna müharibəsini məqbul bitirməsinə qədər çəkəcəyi də məlumdur.
Sentyabrın 5-6-da ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Moskvada Vladimir Putinlə üç saatdan artıq görüş keçirib, ertəsi gün isə Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıblar. ABŞ-Ukrayna görüşündən sonra Fransa, Böyük Britaniya və Almaniyanın milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə genişləndirilmiş görüş planlaşdırılıb. ABŞ-ın Rusiya danışıqlarında Ukrayna mövzusu prioritet olsa da, proseslərin ardıcıllığı göstərir ki, Rusiya Ukrayna ilə bağlı mövqeyinin "dəstəyi" müqabilində ABŞ-ın qlobal strateji planına uyğun Rusiyadan da Çinə enerji daşıyıcılarının ixracı məsələsi də müzakirə oluna bilər ki, Çin lideri Si Cinpin bu ayın sonunda ABŞ-a səfəri zamanı Trampın əli güclənsin.
Ancaq, Zelenskinin Rusiyanın işğalını rəsmiləşdirən razılaşmaya gedəcəyi inandırıcı deyil. Tramp da Ukraynaya əvvəlki təzyiq imkanları itirib. Daha məntiqli model Ermənistanın hərbi bloklardan kənarda qalması, neytrallığını qoruması və bu neytrallığın regional səviyyədə Azərbaycan və Türkiyə tərəfindən təmin edilməsidir.
Belə bir modelin İran və Rusiya, bəzi Avropa ölkələri əleyhinə çıxsalar da, Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması və davamlı sülhün formalaşması ilə mümkün ola bilər. Bu baxımdan, Putinin açıqlaması Rusiyanın Ermənistandan dərhal çıxacağı anlamına gəlməsə də, Moskvanın İrəvana verdiyi ciddi siyasi siqnaldır: Ermənistan Qərbə doğru gedəcəksə, Rusiya ilə hərbi münasibətlərin taleyi də bu seçimin tərkib hissəsinə çevriləcək".