Şəhidi uca tutmaq onun adını qayalara yazmaq deyil- ÖZƏL
11:08 Siyasət"Şəhid adı bizim üçün adi bir ad deyil. Bu adın arxasında bir ömür, bir ailənin ağrısı, Vətən uğrunda göstərilən böyük fədakarlıq dayanır. Ona görə də şəhidlərimizin adını yaşatmaq, xatirəsini qorumaq hər birimizin borcudur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu gün müxtəlif yerlərdə şəhidlərimizin adlarına, şəkillərinə rast gəlirik. İnsanların onları unutmadığını, adlarını yaşatmaq istədiyini görmək təqdirəlayiqdir. Şəhidin xatırlanması, onun haqqında danışılması, adının gələcək nəsillərə çatdırılması çox vacibdir.
Amma bunun da bir həddi, bir qaydası olmalıdır. Şəhidə hörmət etmək onun adını qarşıya çıxan hər qayanın, daşın və ya tarixi tikilinin üzərinə yazmaq demək deyil.
Bəzən bunu edən insanın niyyətində pislik olmur. Əksinə, o, şəhidə olan sevgisini və hörmətini göstərmək istəyir. Lakin yaxşı niyyət belə tarixi və mədəni irsimizə zərər vuran hərəkətə haqq qazandırmır. Tarixi abidələrin, qədim qayaların və tikililərin üzərinə yazı yazmaqla biz bir tərəfdən şəhidin adını yaşatmağa çalışarkən, digər tərəfdən öz tariximizə zərər verə bilərik.
Şəhidlərin adlarını yaşatmağın kifayət qədər gözəl və layiqli yolları var. Onların adını məktəblərə, küçələrə, parklara vermək, xatirə lövhələri və memoriallar yaratmaq, həyat yollarını öyrənmək və öyrətmək mümkündür. Ən əsası isə şəhidlərin adını daşlara yox, yaddaşımıza yazmalıyıq. Şəhidin adını övladımıza öyrətmək, onun həyatından danışmaq, şəhid ailəsinə hörmət göstərmək, Vətənə münasibətimizlə onun adına layiq olmağa çalışmaq-əsl ehtiram budur.
Tarixi abidələr də bizim yaddaşımızdır. Qədim daş, qaya, bina və digər tarixi məkanlar keçmişdən bu günə gəlib çatmış qiymətli mirasdır. Onları qorumaq da gələcək nəsillər qarşısında məsuliyyətimizdir.
Şəhidlərimizin xatirəsini yaşatmaqla tarixi irsimizi qorumaq arasında heç bir ziddiyyət yoxdur. Əksinə, hər ikisinə hörmət etməyi bacarmalıyıq. Şəhidi uca tutmaq onun adını hər yerə yazmaq deyil. Şəhidi uca tutmaq onun xatirəsinə, adına və uğrunda canından keçdiyi Vətənə layiq yaşamaqdır.
Şəhidlərimizin adları daşların üzərində yox, xalqımızın yaddaşında əbədi yaşamalıdır".