KTMT-dən Qərb və Türkiyə mesajı: Təhlükə, yoxsa nüfuz itkisi?- ÖZƏL

KTMT baş katibinin müavini Valeri Semerikov təşkilatın qərb sərhədlərində vəziyyətin gərgin olduğunu və əsas təhlükənin Avropadan gəldiyini bildirib. O, həmçinin Aİ, ABŞ və Türkiyənin Qafqazda artan təsirinin regionda daha böyük gərginlik mənbəyi yaradacağını vurğulayıb. Ekspertlər isə hesab edir ki, bu açıqlama real təhlükədən ziyada Rusiyanın regiondakı ənənəvi dominantlığını itirmək narahatlığını əks etdirir. Cənubi Qafqazın təkqütblü təsir zonasından çıxaraq çoxqütblü balans məkanına çevrilməsi, regional ölkələrin bu rəqabəti düzgün idarə edəcəyi təqdirdə gərginlik deyil, sabitlik və inkişaf üçün yeni imkanlar yarada bilər.

KTMT niyə Türkiyəni hədəf göstərdi? Türkiyə və Qərbin regionda artan rolu fonunda, Rusiyanın ənənəvi təsir rıçaqlarını qoruyub saxlaması nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Əslində bu bəyanatdan başa düşülən qədəri ilə KTMT rəhbərliyi təhdid kimi Türkiyəni hədəf göstərmir. Onlar həmçinin ABŞ-ı və kollektiv şəkildə Avropa İttifaqı ölkələrini öz maraqları üçün təhlükə hesab edirlər. Bu da nədən irəli gəlir?
Rusiyanın, xüsusən Ukrayna müharibəsindən və Ukraynada işğal əməliyyatlarına başladıqdan sonrakı xarici siyasəti açıq-aşkar postsovet məkanını yenidən Rusiyanın tabeliyinə qaytarmaq siyasəti üzərində qurulub. Yəni Rusiya hələ də elə hesab edir ki, imperiyalar dövrüdür və ya imperiyalar dövrünə qayıtmaq mümkündür. Postsovet ölkələrini yenidən coğrafi sərhədlər daxilində birləşdirmək mümkün olmasa da, ən azı onları öz təsir dairəsinə salmaqla asılı vəziyyətdə saxlaya biləcəyini düşünür. Məhz buna görə Ukraynada müharibə başladı və Ukraynanın işğalına cəhd edildi.
Elə buna görə də bu gün Ermənistandakı seçkilərə sərt formada, beynəlxalq hüququn norma və prinsiplərini pozaraq münasibət göstərirlər.
Azərbaycanın xarici siyasətinə də zaman-zaman müdaxilələr olub. Qarabağ probleminin həllini gecikdirən ölkələrdən biri, bəlkə də birincisi Rusiya olub.
İndi Rusiya yaxşı başa düşür ki, artıq əvvəlki qədər təsir gücünə malik deyil və getdikcə nüfuzunu itirir. Bunun qarşısını almaq, bu prosesi əngəlləmək istəyirlər. Yenidən ən azı postsovet məkanında əsas təsir gücü rolunu bərpa etməyə çalışırlar. Ona görə də bu gün Türkiyə onlar üçün təhlükə kimi görünür. Çünki Türkiyə NATO ölkəsidir. Həmçinin Türkiyə Avropa İttifaqının NATO-dan müstəqil qurmağa çalışdığı yeni Avropa təhlükəsizlik arxitekturasında əsas hərbi gücə çevrilə bilər.
Beləliklə, Türkiyə Avropanın ən azı şərq və cənub-şərq istiqamətlərində dominant hərbi ölkəyə çevrilə bilər. Ona görə də Rusiya Türkiyənin bu qədər imkan və səlahiyyət əldə etməsinə qarşı çıxmağa çalışır. Həmçinin onlar Avropa İttifaqının yeni təhlükəsizlik və hərbi arxitektura qurmaq planlarını da özləri üçün təhlükə hesab edirlər. Çünki gördüyünüz kimi, ABŞ-ın xarici siyasəti birmənalı deyil və prezidentlərdən, yaxud siyasi partiyaların yanaşmalarından asılı olaraq dəyişə bilir. Avropa ölkələri də başa düşürlər ki, öz təhlükəsizliklərini yalnız NATO çərçivəsində və ya Atlantik okeanının o tayındakı supergücün üzərinə buraxmaq düzgün yanaşma deyil. Bu, onları müəyyən mənada geri salan və əlavə təhlükəsizlik riskləri yaradan amildir.
İndi bunu düzəltməyə çalışırlar. Əgər Avropanın öz vahid ordusu yaranarsa və ya fərqli formada yeni təhlükəsizlik arxitekturası qurularsa, bu, Türkiyəsiz mümkün olmayacaq. Çünki London və ya Parisdən qoşunların şərq sərhədlərinə göndərilməsi daha uzun və daha çox resurs tələb edən prosesdir. Bundan başqa, həmin qüvvələrin Türkiyə ordusu qədər effektiv olub-olmayacağı da böyük sual doğurur. Ona görə də Avropanın əsas beyin mərkəzləri Türkiyəsiz yeni təhlükəsizlik modelinin mümkün olmadığını anlayırlar və Türkiyəyə orada yer veriləcəyini düşünürlər.
Rusiyanın narahatlığı da buradan qaynaqlanır. O hesab edir ki, yeni Avropa təhlükəsizlik arxitekturasının qurulması bir problemdir, Türkiyənin orada dominant mövqe qazanması isə başqa bir problemdir. ABŞ-ın hazırkı xarici siyasətinin Avropanı və Türkiyəni yeni alternativlər axtarmağa sövq etməsi də Rusiya üçün əlavə narahatlıq yaradır.
Bütün bunların nəticəsidir ki, bu gün KTMT tərəfindən kollektiv təhlükə elan edilir. Amma KTMT-nin bu bəyanatından qorxmaq lazım deyil. Çünki KTMT-ni təşkil edən ölkələrin heç biri Rusiyadan başqa nə kollektiv Qərblə mübarizə aparacaq gücdədir, nə də buna həvəslidir. Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən hansı Türkiyə ilə və ya Avropanın hər hansı bir dövləti ilə birbaşa münaqişəyə girmək istəyər?
Bu ölkələr özləri də yaxşı başa düşürlər ki, Rusiyanın Avropa və ya Türkiyə üzərində dominant gücə çevrilməsi ilk növbədə onların müstəqilliyi üçün təhlükə yaradacaq. Yəni KTMT əslində səmimi bir təşkilat deyil. Daha çox Rusiyanın hegemonluğunu qorumaq üçün istifadə olunan alternativ xəttdir. Ona üzv olan ölkələr də, böyük ehtimalla, münasib vaxt yetişəndə bu təşkilatdan uzaqlaşmağın yollarını axtarırlar. Ona görə də Rusiyanın KTMT vasitəsilə nəsə etmək istəməsi və ya hansısa ciddi addımlar atmağa çalışması o qədər də real görünmür. Bəli, Rusiya təkbaşına təcavüzkar siyasət yürüdə və müəyyən nəticələr əldə edə bilər. Amma bu, nə kollektiv Avropaya, nə də Türkiyəyə qarşı mümkün görünür. Daha çox zəif ölkələrə münasibətdə mümkün ssenari hesab edilə bilər.
Bu isə Rusiyaya ciddi qazanc gətirməyəcək, əksinə ondan daha çox resurs aparacaq.
Müasir müharibələri düzgün qiymətləndirmək lazımdır. Bu günün müharibələrinin əsas qazancı torpaq parçaları deyil. Əsas qazanc strateji üstünlüklər, nadir metallara çıxış, enerji resurslarına nəzarət və iqtisadi üstünlüklər əldə etməkdir.
Günümüzdə qazanılan ən böyük uğur iqtisadi və strateji rəqabətdə üstün gəlməkdir. Ona görə də Rusiya tərəfi hazırda daha çox öz gücünü nümayiş etdirməyə və bəyanatları vasitəsilə qarşı tərəfə mesaj verməyə çalışır. Əslində demək istəyir ki, "Ya məni nəzərə alacaqsınız, ya da istədiklərimi müxtəlif yollarla əldə etməyə çalışacağam". Buna görə də diplomatik mərkəzlər Rusiyanın bəyanatlarını diqqətlə təhlil edəcək, onu danışıqlar masasına dəvət edəcək və problemlərin sülh yolu ilə həllinə çalışacaqlar. Rusiyaya da izah ediləcək ki, artıq dünyanın əsas təsir gücü olan yeganə ölkə deyil, reallıqlar dəyişib, şərait dəyişib və beynəlxalq sistem fərqli mərhələyə keçib.
Bu səbəbdən mən gözləmirəm ki, Çin və ABŞ arasında qlobal supergüc rəqabətinin davam etdiyi bir dövrdə Rusiya özünə əlavə problemlər yaradaraq gücünü artıra bilsin".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31