Qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaranır- ÖZƏL
11:42 Siyasət"Ölkədə geoloji kəşfiyyatın genişləndirilməsi yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır. Naxçıvan Muxtar Respublikasında gələn ildən geoloji kəşfiyyat işlərinin başlanmasının nəzərdə tutulması bu baxımdan mühüm addımdır. Burada da yeni yataqların mövcudluğunun araşdırılması ölkənin mineral-xammal bazasının genişləndirilməsi baxımından əlavə imkanlar yarada bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Digər mühüm məsələ dövlət və özəl sektorun bu prosesdə birgə iştirakıdır. Dövlət xətti ilə "AzerGold" vasitəsilə işlərin aparılması ilə yanaşı, sahənin özəl sektor üçün açıq olması investisiya imkanlarını genişləndirir. Xarici tərəfdaşların geoloji kəşfiyyat layihələrinə cəlb olunması isə maliyyə resursları və müasir texnologiyalar baxımından əlavə imkanlar yarada bilər. Belə əməkdaşlığın nəticəsində yeni yataqlar aşkarlandığı halda, əsas məsələ həmin resursların ölkə daxilində səmərəli emalını təmin etməkdir. Əhəmiyyətli ehtiyatlar aşkarlandığı halda zənginləşdirmə və emal zəncirinin yaradılması əsas vəzifələrdən biri olmalıdır. Bu amil dağ-mədən sənayesinin ayrı-ayrı hasilat layihələri çərçivəsindən çıxaraq daha geniş metallurgiya və emal sənayesinin formalaşmasına imkan verə bilər.
Beləliklə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Geoloji kəşfiyyatın gücləndirilməsi, mövcud yataqların müasir texnologiyalarla qiymətləndirilməsi, yeni yataqların istismara cəlb olunması, dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsi, ən əsası isə hasilatdan emala qədər tam istehsal zəncirinin qurulması bu sahənin inkişafının əsas istiqamətləridir. Bu yanaşma təbii sərvətlərin iqtisadi dəyərinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sənayesinin daha da şaxələndirilməsinə xidmət edəcək".