Dağ-mədən sənayesində tam istehsal zəncirinin yaradılması əsas şərtdir- ÖZƏL
11:45 Siyasət"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş 22 sentyabr 2026-cı il tarixli müşavirədə çıxışında səsləndirilən tezislər ilk növbədə Dövlət Proqramının əsas hədəflərini əhatə edir. Bu toplantı ölkənin sənaye siyasətində mühüm istiqamətlərdən birinin qarşıdakı illər üçün prioritetlərini müəyyənləşdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Dövlət başçısının vurğuladığı məqamlar Azərbaycanın mineral resurs potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişaf etdirilməsi, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi, ixrac imkanlarının artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyini göstərir.
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından perspektivli sahə kimi xarakterizə edib. Bu yanaşma sənaye layihələrinin yalnız istehsal göstəricilərinin artırılmasına deyil, həm də yeni infrastrukturun yaradılmasına, məşğulluğun genişləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Burada dağ-mədən sənayesində tam istehsal zəncirinin yaradılması əsas məsələlərdən biri kimi təqdim edilib. Bu, filizin hasilatı ilə məhdudlaşmayan, onun zənginləşdirilməsi, pelet və briketləşdirilmiş dəmir istehsalı, daha sonra isə metallurgiya məhsullarının hazırlanmasını əhatə edən mərhələli sənaye modelinin formalaşdırılması deməkdir. Belə yanaşma xammalın ilkin formada ixracı əvəzinə ölkə daxilində emal səviyyəsinin yüksəldilməsinə və daha çox əlavə dəyərin yaradılmasına imkan verə bilər.
Dövlət Proqramının əsas istiqamətləri sırasında dəmir filizi, alüminium, mis və qızıl xüsusi yer tutur. Proqram çərçivəsində yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, mövcud istehsal güclərinin artırılması və yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. əsas məqsəd daha çox xammal hasil etməkdən çox, xammalı ölkə daxilində daha çox emal etməklə yüksək əlavə dəyər yaratmaqdır. Qarşıya qoyulan hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur".