Ölkədə yeni istehsal və ixrac imkanları formalaşır- ÖZƏL
11:48 Siyasət"Son iki onillikdə həyata keçirilən infrastruktur layihələri də Azərbaycanın iqtisadi potensialının genişlənməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə çıxışında qazlaşmanın 96 faizə çatması, ölkənin 25 milyard kubmetrdən çox qaz ixrac etməsi, elektrik enerjisi üzrə geniş generasiya potensialının formalaşması bu dəyişimin konkret göstəriciləri kimi təqdim olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Enerji təminatının möhkəmləndirilməsi yalnız əhalinin və mövcud iqtisadiyyatın tələbatının ödənilməsi ilə məhdudlaşmır. Etibarlı enerji infrastrukturu yeni sənaye müəssisələrinin yaradılması, istehsal güclərinin artırılması və iri layihələrin reallaşdırılması üçün mühüm şərtdir. Bu baxımdan dağ-mədən və metallurgiya kimi enerji və kapital tutumlu sahələrin inkişafı üçün son illərdə formalaşdırılmış infrastruktur imkanları xüsusi əhəmiyyət daşıyır. Müasir sənaye müəssisələrinin fəaliyyətində enerji təminatı ilə yanaşı, xammalın daşınması, hazır məhsulun daxili və xarici bazarlara çıxarılması da mühüm rol oynayır. Azərbaycanın yol, dəmir yolu və logistika infrastrukturunun genişləndirilməsi bu baxımdan yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışında cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artımın qeydə alınması xüsusi diqqət çəkir. Ümumi daxili məhsulun artımının 1,2 faiz təşkil etdiyi şəraitdə qeyri-neft sektorundakı daha yüksək dinamika iqtisadi artımın strukturunda şaxələndirmənin əhəmiyyətinin göstəricisidir. Neft hasilatının təbii səbəblərdən azalması fonunda qeyri-neft sahələrinin inkişaf etdirilməsi iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilir. Burada əsas məsələ yalnız mövcud göstəriciləri qorumaq deyil, yeni istehsal və ixrac imkanları formalaşdırmaqdır. Dağ-mədən və metallurgiya sənayesi də bu baxımdan mühüm potensiala malik sahələrdəndir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Uzun müddət lazımi səviyyədə araşdırılmamış ərazilərdə müasir geoloji üsulların tətbiqi yeni yataqların aşkar edilməsinə və mineral ehtiyatların daha dəqiq qiymətləndirilməsinə imkan yarada bilər. Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanmasının nəzərdə tutulması regionun təbii resurs potensialının sistemli şəkildə öyrənilməsi baxımından mühüm addımdır".