27 Sentyabr: Azərbaycanın şərəfli tarixinin mühüm səhifəsi - ÖZƏL

"27 Sentyabr Azərbaycanın müasir tarixinin ən şərəfli günlərindən biridir. Həmin günü hamımız yaxşı xatırlayırıq. 2020-ci il sentyabrın 27-də səhər saatlarında işğalçı Ermənistan ordusu Azərbaycanın digər ərazilərinə qarşı növbəti hərbi təcavüz və təxribat törətməyə cəhd göstərdi. Artıq səbri tükənmiş Azərbaycan dövləti və xalqı bu dəfə dərhal əks-hücuma keçərək Azərbaycan torpaqlarını 44 gün ərzində işğaldan azad etdi."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan, 27 Sentyabr - Anım Günü bizim üçün çox müqəddəsdir. Həmin gün başlayan və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan 3 minə yaxın şəhid verdi. Ölkəmiz özünün ən seçmə oğullarını və bir qız övladını şəhid verdi.

Eyni zamanda, xalqımız növbəti dəfə bütün dünyaya öz birliyini, bir yumruq kimi, dəmir yumruq ətrafında birləşdiyini nümayiş etdirdi. Qələbəyə aparan yolda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iqtidarlı-müxalifətli, sağlı-sollu, demək olar ki, bütün xalq birləşdi. Azərbaycan xalqı öz həmrəyliyini bütün dünyaya göstərdi.

Düzdür, həmin günlərdə də az sayda olsa belə, müharibəni istəməyən, Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdən çəkindirməyə çalışan səslər var idi. Lakin xalqımız həmin mürəkkəb dövrdə də öz mövqeyini nümayiş etdirdi və Vətən müharibəsinin qarşısında vahid mövqe ortaya qoydu. Tarixdə hər kəs öz əməllərinə və mövqeyinə uyğun qiymətini alır.

Sevindirici haldır ki, Azərbaycan xalqının böyük əksəriyyəti 27 sentyabrda başlayan və tarixi Qələbə ilə başa çatan bu mübarizədə dövlətinin və ordusunun yanında oldu.

Belə bir gündə başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, bu Qələbəni bizə bəxş edən, Vətən uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə və bütün qəhrəman oğul və qızlarımıza minnətdarlığımızı bildiririk. Onların fədakarlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi daim xatırlanacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31