Yeni proqram ölkənin sənaye potensialını artırır- ÖZƏL
11:44 İqtisadiyyat"Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında regionların tərəqqisi və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi hər zaman prioritet fəaliyyət xətti kimi diqqət mərkəzində dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə 2004-cü ildən etibarən ardıcıl şəkildə icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrdə iqtisadi aktivliyin artırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəldilməsinə güclü təkan verib". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib: "Bu uğurlu siyasətin mühüm tərkib hissəsi kimi son dövrdə dağ-mədən və metallurgiya sənayesinin dirçəldilməsi, bu sahəyə dövlət dəstəyinin artırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyulub. Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi məhz bu sektorun strateji hədəflərini müəyyən edən və ölkənin sənayeləşmə kursunu daha da möhkəmləndirən mühüm hadisə kimi böyük əhəmiyyət kəsb edir. Müşavirədə vurğulandığı kimi Dövlət Proqramı mövcud resursların respublikamızın ümumi iqtisadi dövriyyəsinə tam inteqrasiya edilməsini hədəfləyir. Yeni proqram bir tərəfdən ölkənin sənaye potensialını artırır, digər tərəfdən isə regionların sosial-iqtisadi inkişaf gündəliyini uğurla tamamlayır.
Yaxın illərdə icrası nəzərdə tutulan kompleks fəaliyyət mexanizmlərinə əsasən, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə yerləşən strateji yataqların sürətlə istismara verilməsi planlaşdırılır. Əsasən Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Regionda dağ-mədən sənayesinin inkişafını hədəfləyən Qərb Sənaye Parkının yaradılması da xammal ehtiyatlarının yerində emal edilməsinə və zəncirvari dəyər zəncirinin qurulmasına xidmət edir".