Ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılmışdır-Komitə sədri

"Büdcə sistemi haqqında" Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının 2025-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və icraya dair illik hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Büdcə qanunvericiliyinə əsasən, Hesablama Palatasının müvafiq rəyi də təqdim edilmişdir. Qanun layihəsinin və illik icra hesabatının İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibli iclasında səmərəli və konstruktiv müzakirəsi keçirilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı"ı təqdim edərkən deyib.
 
Komitəmizin üzvləri tərəfindən büdcə siyasətinə və hesabatlılığına, büdcə planlaşdırılmasına və makroiqtisadi proqnozlaşdırmaya dair vacib məsələlər qaldırılmış, dəyərli təkliflər səsləndirilmişdir. Aktuallıq kəsb edən suallar hörmətli maliyyə naziri tərəfindən cavablandırılmışdır.
Ötən ildən başlayaraq ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılmışdır. İslahatlar eyni zamanda "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin formalaşdırılmasını əhatə etməklə, həm də səmərəli icra və nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur.
Dövlət maliyyə sistemində islahatlar və effektiv büdcə nəzarəti təşəbbüsü ümumdövlət siyasətidir və möhtərəm cənab Prezidentin siyasi iradəsinə əsaslanır. Çünki müasir dövrdə dövlət maliyyəsinin effektiv idarə olunması artıq sadəcə maliyyə məsələsi deyil. O həm də milli təhlükəsizlik, iqtisadi suverenlik, sosial rifah və dövlətin dayanıqlılığı məsələsidir.
Heç şübhəsiz, dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlar parlament müstəvisində büdcə hesabatlılığının təkmilləşdirilməsinə də öz töhfəsini verəcəkdir.
Komitə sədri bildirib ki, Milli Məclisdə dövlət büdcəsinin icra nəticələrinə dair müzakirələrin aparılması büdcə prosesinin çox mühüm mərhələsidir.
Əgər büdcə zərfi hökumətin növbəti il üçün fəaliyyət planını əks etdirirsə, icraya dair hesabat müəyyən edilmiş sosial-iqtisadi siyasətin, büdcə hesabına görülmüş işlərin real nəticələrini göstərir.
Neft gəlirlərinin hələ ölkəmizə daxil olması ərəfəsində Prezident İlham Əliyevin büdcənin icrası ilə bağlı qeyd etdiyi vacib bir fikri xatırlatmaq istərdim. "Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır...Nəzərə alsaq ki, Azərbaycanın büdcəsi ildən-ilə artacaq deməli, nəzarət də artmalıdır." Dövlət başçısının bu tezisləri onu təsdiq edir ki, büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi, maliyyə intizamı kimi məsələlər heç də bu günün və ya dünənin gündəliyində olan məsələ deyil. Büdcəyə ciddi nəzarət hər zaman dövlət siyasətinin əsas xəttini təşkil edib.
Dövlət büdcəsinin icrası - təsdiq olunmuş büdcə sənədində nəzərdə tutulan gəlir və xərclərin faktiki yerinə yetirilməsi prosesidir. Lakin Parlament platformasında dövlət büdcəsinin icrası üzrə hesabatlılıq sadəcə olaraq "hansı istiqamətlərə nə qədər vəsait xərcləndi?" sualının cavablandırılmasından ibarət deyil.
Əsas məsələ ayrılmış vəsaitlərlə hansı nəticələrin qazanılması, büdcənin sosial-iqtisadi təsirlərinin müəyyən edilməsi, fiskal dayanıqlılığa necə nail olunması, büdcə sistemindəki zəif bəndlərin növbəti ilin büdcə planlaşdırılmasında nə dərəcədə nəzərə alınması, nəhayət dövlət proqramlarının hansı səviyyədə icra olunmasıdır.
2025-ci ildə icra edilmiş dövlət büdcəsinin əsas xüsusiyyətərini qeyd etmək istərdim.
Ötən ilin büdcəsini hər şeydən əvvəl ölkəmizin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi kimi xarakterizə edə bilərik.
İcra edilmiş dövlət büdcəsi müəyyən edilmiş vəzifələrin və strateji təşəbbüslərin həyata keçirilməsi, dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaratmışdır.
Qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, büdcənin makroiqtisadi sabitlik şəraitində icra edilməsi onun əsas cəhətlərindən biri hesab edilə bilər.
Ötən ilin maliyyə sənədi gəlirlərin həm proqnoza, həm də əvvəlki ilə nisbətən artması ilə xarakterizə olunur. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 mlrd. manat olmaqla, proqnoza qarşı 2,2 faiz, 2024-cü illə müqayisədə isə 5,4 faiz çox icra edilmişdir.
Ötən ildə dövlətimizin sosial siyasəti iqtisadi siyasətin ayrılmaz hissəsi olaraq davam etdirilmiş və 2025-ci ilin dövlət büdcəsi bunun üçün maliyyə təminatı yaratmışdır. Ötən ildə sosialyönümlü xərclər büdcə məxaricində 40 faizə kimi yüksək paya malik olmuşdur.
İcra edilmiş dövlət büdcəsi ötən ildə cari fiskal dayanıqlıq nümayiş etdirmişdir. Belə ki, cari xərclərin təxminən 92 faizi qeyri-neft gəlirləri hesabına maliyyələşmişdir. Bu onu göstərir ki, dövlət artıq öz gündəlik və sosial xarakterli xərclərinin böyük hissəsini qeyri-neft iqtisadiyyatı hesabına maliyyələşdirmək imkanına malikdir. Neft-qaz gəlirləri isə investisiya layihələrinə və strateji təşəbbüslərin dəstəklənməsinə yönəldilə bilər.
Fiskal dayanıqlıq büdcə qaydasına riayət edilməsi ilə tamamlanmışdır. Belə ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, dövlət borcunun isə ÜDM-ə nisbəti hədəflənən yuxarı hədlər daxilində saxlanılmışdır.
Ötən ildə icra edilmiş dövlət büdcəsinin çox mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorundan daxilolmaların proqnoza nisbətən 1,6 faiz, 2024-cü ilə nisbətən 3,9 faiz artmasıdır. Artıq ötən ilin büdcə gəlirlərində qeyri-neft daxilolmalarının payı 52 faizə yüksəlmişdir. Bu mahiyyətcə, qeyri-neft iqtisadiyyatının fiskal bazasının tədricən genişlənməsi anlamına gəlir.
3,1 mlrd. manat məbləğində təsdiq olunan dövlət büdcəsi kəsirinin 580,0 mln. manat büdcə profisiti ilə, icmal büdcənin isə proqnozlaşdırılan 3,7 mlrd. manatlıq kəsirinin faktiki olaraq 3,4 mlrd. manat məbləğində profisitlə əvəzlənməsi ötən ilin büdcə icrası prosesində diqqət çəkən məqamlardan biridir.
İcra edilmiş dövlət büdcəsi ötən dövrdə ölkəmizdə artıq uzun illərdir ki, əsası qoyulmuş proqramlı idarəetmənin icra mexanizmi kimi çıxış etmişdir. Belə ki, 2025-ci ilin büdcəsi dövlətin strateji sənədlərinin - Milli Prioritetlərin, Sosial-iqtisadi inkişaf Strategiyasının, Böyük Qayıdışa dair I Dövlət Proqramının maliyyə təminatında da mühüm rol oynamışdır.
Azər Əmiraslanov bildirib ki, Büdcənin icrası ilə bağlı diqqət çəkən bəzi məqamları qeyd etmək istərdim.
Nəzərə almalıyıq ki, makroiqtisadi sabitlik əsasən üç sütun üzərində bərqərar olur. Onlardan birincisi fiskal dayanıqlıq, ikincisi maliyyə sabitliyi, üçüncüsü isə iqtisadi artımdır. Büdcə xərclərinin təsdiq olunmuş göstəricidən 6,8% az icra edilməsi, xüsusilə də bəzi xərclərin optimallaşdırılması, dövlət investisiyalarının daha az maliyyələşdirilməsi bir tərəfdən sərmayə layihələrinin və proqramların icra tempini aşağı sala bilər, digər tərəfdən də fiskal stimulların iqtisadi artıma və fəallığa təsirini zəiflədə bilər.
Biz geniş büdcə ekspansiyasının tərəfdarı olmasaq da, ölkəmizdə təşəkkül tapmış iqtisadi artım modelinin həm də dövlət xərclərinə və investisiyalarına əsaslandığını nəzərdən qaçırmamalıyıq.
Həm dövlət büdcəsi, həm də icmal büdcə üzrə təsdiq edilmiş büdcə defisiti əvəzinə profisitin yaranması fiskal sabitlik, ehtiyatlı maliyyə idarəçiliyi və gəlirlərin proqnozdan yüksək icrası baxımından müsbət göstərici hesab olunsa da, büdcə proqnozlaşdırılması və xərc planlaşdırılmasında təkmilləşdirmənin aparılması zərurətini yaradır. Ümumiyyətlə, hesab edirik ki, büdcə prosesinin təkmilləşdirilməsi sahəsində görüləsi işlər həm cari, həm də növbəti büdcə ilində davam etdirilməlidir.
Hesabatın təhlili iqtisadi və fiskal siyasət üçün bir sıra mühüm çağırışların nəzərə alınmasını tələb edir. Bu çağırışlar nədən ibarətdir?
Dövlət büdcəsinin icra edildiyi 2025-ci ildə beynəlxalq səviyyədə geosiyasi gərginlik, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, enerji bazarlarındakı dəyişkənlik, dünya ticarətində zəifləmə meylləri, maliyyə bazarlarında risklərin artması davam etmişdir. Bu kimi meyllərin cari ildə də müşahidə edilməsi Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunmasını, fiskal dayanıqlığın təmin olunmasını xüsusi olaraq aktuallaşdırır.
Ölkəmizdə dövlət borcunun həcmi maliyyə təhlükəsizliyi meyarlarına cavab versə də, borca xidmət xərclərinin təkcə bir il ərzində yüksək templə artımı gələcəkdə büdcənin fiskal yükünü ağırlaşdıra bilən faktora çevrilə bilər.
Bütün strateji təşəbbüslərini yalnız özünün daxili resursları hesabına maliyyələşdirən Azərbaycanda Böyük Qayıdış proqramı və iri infrastruktur layihələri, kənd təsərrüfatının inkişafı sahəsində yeni planlar, nəqliyyat və logistika infrastrukturunun qurulması uzun müddət üçün böyük maliyyə resursları tələb edir. 2025-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatı təhlil etdikdən sonra, komitəmizdə aparılan müzakirələrin nəticələrini də ümumiləşdirərək bəzi təklifləri səsləndirmək istərdim.
Hesab edirik ki, büdcə siyasəti yalnız fiskal çərçivə kimi deyil, həm də iqtisadi inkişafın təşviqi, sahibkarlığın dəstəklənməsi baxımından təsirli və kompleks iqtisadi siyasət alətidir.
Milli sənayemizin struktur transformasiyası, o cümlədən neft hasilatının aşağı düşməsi səbəbindən neft gəlirlərinin azalması və bunun fonunda qeyri-neft gəlirlərinin büdcə daxilolmalarında payının artması özü-özlüyündə fiskal dayanıqlığı təmin etmir. Cari deyil, məhz uzunmüddətli etibarlı fiskal dayanıqlığa təkcə xərcləri optimallaşdırmaqla nail olmaq mümkün deyil.
Bunun üçün yeni iqtisadi artım modelinə keçilməsi, qeyri-resurs iqtisadiyyatı hesabına büdcə gəlirlərinin artması tələb olunur. Möhtərəm cənab Prezidentin təbirincə desək iqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir... Bu baxımdan qarşıdakı dövrdə büdcə siyasətinin iqtisadi islahatlarla və struktur dəyişiklikləri ilə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatların əsas fəlsəfəsinin nəticəəsaslı maliyyələşdirmə olduğunu nəzərə alaraq, qarşıdakı dövrdə ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsinin genişlənməsi tələb olunur. Bu büdcə hesabatlılığı dövründə əldə edilmiş real nəticələri qiymətləndirmək üçün praktik əsaslar yarada bilər.
Təsdiq edilmiş büdcə ilə müqayisədə bəzi xərclərin az icra edildiyini nəzərə alaraq, hesabatlılıq dövründə hansı vəsaitlərin qənaət, ixtisar, optimallaşdırma olaraq azaldılması barədə təsnifləşdirilmiş məlumatların təqdim edilməsini vacib hesab edirik.
Hesabat büdcə qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və formada təqdim edilməklə ölkəmizin ötən ildəki makroiqtisadi durumunu, dövlət büdcəsinin icra vəziyyətini səciyyələndirən zəruri məlumatları özündə əks etdirir.
Hesabatın təhlili göstərir ki, dövlətimiz ötən ilin büdcəsi hesabına sosial siyasəti davam etdirməyə, təhlükəsizlik prioritetlərini təmin etməyə və strateji inkişaf proqramlarını həyata keçirməyə nail olmuşdur.
Komitəmizdə aparılmış müzakirələrin nəticələrini, eyni zamanda Hesablama Palatasının rəyini nəzərə almaqla hesab edirik ki, müvafiq hesabatla birlikdə təqdim edilmiş qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə və strateji sənədlərin müddəalarına cavab verir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31