İran-Azərbaycan münasibətlərinin gərginləşməsində Rusiya faktoru var?- ÖZƏL

"İran-fars dövlətinin psixoloji şüuraltı düşüncə formasına çevrilmiş türk-azərbaycan düşmənçiliyinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda dəyişəcəyi əvvəldən inandırıcı deyildi. Ümumən İran-Azərbaycan münasibətlərinin normallaşması, diplomatik təmasların, qarşılıqlı əlaqələrin bərpası və genişlənməsi mümkündür. Lakin münasibətlərin səmimi siyasi xarakter daşıyacağını gözləmək sadəlövhlük olardı və tərəflər aralarında "mehriban düşmənlər" oyununu gizlədə bilməz". Bunu "Olaylar"a MCP sədr müavini Vüqar Dadaşov deyib: "Təbii ki, İranın rəsmi şəxslərinin, prezidentinin və xarici işlər nazirinin Azərbaycana qarşı açıq və kəskin bəyanatlar verməsi hazırkı şəraitdə mümkün görünmür. İranın beynəlxalq vəziyyəti, regional təcrid riski və daxili problemləri belə ritorikadan müəyyən qədər uzaq dayanmağı tələb edir. Lakin bu, İranın Azərbaycana münasibətinin dəyişməsi anlamına gəlmir.
Nəinki Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən, tarix boyu fars dövlətçiliyi düşmənçiliyini açıq şəkildə ortaya qoyub. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, işğalda saxlanılması, işğal olunmuş ərazilərin talan edilmiş sərvətlərinin İran bazarlarına çıxarılması, Ermənistanın müxtəlif formalarda dəstəklənməsi, 2020-ci il Vətən müharibəsi və antiterror tədbirləri zamanı nümayiş etdirdiyi mövqe İranın Azərbaycana münasibətinin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir.
Azərbaycanın isə ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı siyasi-humanitar dəstəyi və Prezident İlham Əliyevin İran səfirliyində başsağlığı verməsi belə İranın xislətini dəyişmədi. 
Bütün bunlara baxmayaraq, ali dini lideri də daxil olmaqla 50-dən çox yüksək vəzifəli şəxsini qoruya bilməyən İran Azərbaycana qarşı təhdidlərini davam etdirir. İran parlamentinin deputatı Əbülfəz Zöhrəvənd "Bakı üç-dörd saat ərzində yer üzündən silinə bilər" kimi ifadələr işlədib.
Bu təhdidlərin arxasında isə konkret geosiyasi səbəblər dayanır.
Birincisi, bu gün Azərbaycan-Ermənistan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması perspektivi, Ermənistanın regional layihələrə qoşulması və ABŞ-ın iştirakı ilə yeni nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi İran üçün ciddi strateji narahatlıq yaradır. Tehran hesab edir ki, Zəngəzur dəhlizi ilə Türk birliyi əlaqələnib güclənə bilər, həm də Zəngəzur dəhlizi İran üçün Türkiyə və Azərbaycana təsir imkanı verən "Araz dəhlizi"ni əhəmiyyətsiz edə bilər.
İranın Azərbaycana qarşı sərt ritorikasına həm də Ermənistan-Rusiya-İran geosiyasi üçbucağının təsiri var.
Məlumdur ki, İran və Rusiya uzun müddətdir Qərblə geosiyasi qarşıdurma şəraitindədir. Rusiyaya "məxsus" Ermənistanın Qərbə inteqrasiyası, Türkiyə və Azərbaycanla sülh gündəliyi, Ermənistanın praktik suverenliyi Moskva və Tehran üçün arzuolunmazdır. Ermənistanın Rusiyadan hərbi-iqtisadi və enerji asılılığının ancaq Azərbaycan vasitəsilə aradan qaldırılmasının mümkünlüyü Azərbaycana qarşı təzyiqləri artırır. Görünür ki, Moskva Azərbaycana "isti münasibət" cəhdi, Tehran isə "təhdid cəhdi" ilə Bakının siyasətini dəyişməyə çalışır. Deməli, İranın təhdidləri həm də Rusiyanın regiondakı təsir imkanlarının qorunmasına xidmət edir. İran və Rusiyanın Azərbaycan üzərindən 1813, 1828-ci illər nümunəsi kimi maraqlarını birgə təmin etmək təcrübəsi də var.
İndiki geosiyasi vəziyyətdə isə İranın Azərbaycana qarşı hərbi gedişi mümkün deyil. Əsas səbəb İranın daxilindəki 40 milyonluq Cənubi Azərbaycan etnik-demoqrafik reallığıdır ki, bu da İran dövlətçiliyinin hərbi, siyasi və mədəni dayağıdır. 2020-ci il Vətən müharibəsi və antiterror tədbirləri dövründə İranın Ermənistana hərbi yardımına qarşı milyonlarla azərbaycanlının etirazı bunu bir daha sübut etdi. İranın Azərbaycana qarşı hərbi avantüraya getməsi onun bütövlüyü üçün danılmaz risklidir.
İkinci mühüm amil isə regional hərbi-siyasi balansdır.
Bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi regionun əsas güc faktorlarından biridir. Nüvə dövləti Pakistanın siyasi və hərbi dəstəyi bu əməkdaşlığa əlavə strateji üstünlük verir. Böyük Britaniyanın Cənubi Qafqaza artan marağı və Azərbaycana xüsusi münasibəti yeni geosiyasi reallıqları möhkəmləndirərək İran və Rusiyanın manevr imkanlarını məhdudlaşdırır. İranın Rusiyanın Ukraynaya təcavüzünə hərbi dəstəyi fonunda Ukraynanın hərbi-sənaye potensialının güclənməsi və Azərbaycanla münasibətləri Kiyevi Bakının strateji müttəfiqinə çevirir.
Hərbi-taktiki baxımdan ən vacib amil Azərbaycan və Türkiyənin İranla quru sərhədinə malik olmasıdır. Bu reallıq İsrail və ABŞ-la müharibəsindən fərqli hərbi mənzərə yarada bilər.
Hazırda İranın Azərbaycana qarşı səsləndirdiyi təhdidlər daha çox psixoloji təzyiq və daxilə hesablanmış siyasi ritorika xarakteri daşısa da, İranın türk qorxusu mümkün riskləri daimi gündəmdə saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31