Azərbaycan qlobal təhlükəsizliyə töhfə verir - ÖZƏL
12:51 Siyasət"Süni intellektin sürətli inkişafı artıq yalnız texnoloji və iqtisadi məsələ deyil, getdikcə beynəlxalq təhlükəsizlik və qlobal idarəçilik məsələsinə çevrilir. Reuters-in 23 sentyabr tarixli məlumatında da BMT Təhlükəsizlik Şurasında süni intellektin yaratdığı risklərin müzakirəyə çıxarılması bunun göstəricisi kimi qiymətləndirilə bilər. Görüşdə dünyanın aparıcı süni intellekt şirkətlərinin rəhbərləri texnologiyanın nəzarətsiz inkişafının bəşəriyyət üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq ediblər."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Burada diqqət çəkən əsas məqam süni intellekt məsələsinin BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil olmasıdır. Çünki Təhlükəsizlik Şurasının əsas funksiyası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasıdır. Deməli, süni intellekt artıq yalnız innovasiya, rəqəmsal iqtisadiyyat və texnologiya sahələrinin problemi kimi deyil, dövlətlərin təhlükəsizliyinə təsir göstərə biləcək strateji faktor kimi nəzərdən keçirilir.
Məsələnin digər mühüm tərəfi ABŞ və Çin arasında süni intellektin idarə olunmasına yanaşmalardakı fərqlərdir. Reuters-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp yeni və xüsusi süni intellekt tənzimləmələrinin zəruriliyinə ehtiyatla yanaşır. Çin isə süni intellekt alqoritmləri, təlim məlumatları və yaradılan kontentin işarələnməsi ilə bağlı qaydalar tətbiq edib. Bu fərq göstərir ki, süni intellekt sahəsində texnoloji rəqabət paralel olaraq tənzimləmə modelləri arasında rəqabətə də çevrilir.
Eyni zamanda, OpenAI rəhbəri Sam Altmanın BMT Təhlükəsizlik Şurasındakı çıxışı başqa bir mühüm məsələni gündəmə gətirir. Onun fikrincə, süni intellektlə bağlı ən mühüm qərarlar yalnız texnologiya şirkətlərinin yerləşdiyi mərkəzlərdə qəbul edilməməli, demokratik proseslər və hökumətlər vasitəsilə formalaşdırılmalıdır. Bu yanaşma süni intellektin gələcəyinin yalnız özəl texnologiya şirkətlərinin deyil, dövlətlərin və beynəlxalq institutların da məsuliyyət sahəsinə daxil olduğunu göstərir.
Burada kibertəhlükəsizlik məsələsi də xüsusi əhəmiyyət daşıyır. Hugging Face şirkətinin həmtəsisçisi Clément Delangue süni intellektin həm hücum, həm də müdafiə vasitəsi kimi istifadə oluna biləcəyinə diqqət çəkib. Onun açıqladığı insident süni intellekt sistemlərinin kiberməkanda yeni imkanlarla yanaşı, yeni risklər də yarada biləcəyini göstərir. Daha maraqlı məqam isə müdafiə məqsədilə Çin mənşəli süni intellekt modelindən istifadə edilməsi barədə açıqlamadır. Bu fakt ABŞ və Çin arasında texnoloji rəqabətin yalnız iqtisadi və kommersiya müstəvisində deyil, təhlükəsizlik sahəsində də əhəmiyyət qazandığını göstərir.
Digər tərəfdən, BMT-nin mövqeyi ilə ABŞ administrasiyasının yanaşması arasında müəyyən fərq görünür. BMT Baş katibi Antonio Quterreş uzun müddətdir süni intellektin qlobal səviyyədə idarə olunmasını müdafiə edir. ABŞ administrasiyasının nümayəndələri isə qlobal tənzimləmə mexanizmi yaratmaq əvəzinə, ölkələrin daxili imkanlarının gücləndirilməsini və təcrübə mübadiləsini ön plana çəkirlər. Çin isə tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, fövqəladə hallara cavab mexanizmləri və sərhədlərarası əməkdaşlığın vacibliyini vurğulayır.
Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə süni intellekt ətrafında əsas müzakirələrdən biri texnologiyanın özünün inkişafından daha çox, onun kim tərəfindən, hansı qaydalarla və hansı beynəlxalq mexanizmlər əsasında idarə olunacağı məsələsi olacaq. Burada söhbət həm də texnoloji üstünlüyün dövlətlərin iqtisadi və hərbi potensialına təsirindən gedir.
Əslində, süni intellekt sahəsində baş verən proseslər beynəlxalq münasibətlər sistemində yeni güc balansının formalaşmasına təsir edə bilər. ABŞ və Çin bu sahədə əsas texnoloji mərkəzlər kimi çıxış edir. Digər dövlətlər isə öz təhlükəsizliklərini və iqtisadi maraqlarını qorumaq üçün bu texnoloji rəqabətdə müəyyən mövqe tutmağa məcbur qala bilərlər.
Bu baxımdan, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirəni süni intellektin qlobal təhlükəsizlik gündəliyində institusional şəkildə möhkəmlənməsinin növbəti mərhələsi kimi qiymətləndirmək mümkündür. Şura süni intellektin yaratdığı riskləri ilk dəfə 2023-cü ildə müzakirə etmişdi və 2024-cü ildə də bu mövzuda ayrıca iclas keçirilmişdi. 2026-cı ildə məsələnin yenidən Təhlükəsizlik Şurasının gündəminə çıxarılması problemin aktuallığının artdığını göstərir.
Süni intellekt artıq gələcəyin texnologiyası deyil, beynəlxalq münasibətlərin hazırkı gündəmini formalaşdıran amillərdən biridir. Əsas məsələ texnologiyanın inkişafının qarşısını almaq deyil, onun yaratdığı imkanlarla təhlükəsizlik riskləri arasında tarazlığın necə qurulacağıdır. Bu isə yalnız ayrı-ayrı şirkətlərin və ya dövlətlərin deyil, beynəlxalq ictimaiyyətin qarşısında duran uzunmüddətli strateji məsələdir.
Azərbaycan Lideri cənab İlham Əliyev də çıxışlarında hər zaman süni intellekt və təhlükəsizlik amilini paralel hallandırır. IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayan dövlət başçımız təhlükəsizlik amilinə qlobal çağırışlar prizmasından toxundu. Hər şeydən öncə ona görə ki, təhlükəsizlik amili bu gün qlobal məsuliyyət daşıyır. İkincisi və ən önəmlisi beynəlxalq aləmin sadiq və etibarlı üzvü kimi Azərbaycan dövləti təhlükəsizliyi sadəcə daxildən təmin etməklə kifayətlənmir, həm də sərhədlər boyu təhlükəsizliklə bağlı qətiyyətli davranır. Buna görə də Azərbaycanın təhlükəsizlik orqanları dövlətimizin, dövlətçiliyimizin hər zaman möhkəm təməllər üzərində dayanması baxımdan sayıq davranır, çevik və təxirəsalınmaz addımlar atır. Digər mühüm məsələ ideoloji baxımdan həyəcan təbili çalan amillərdir. Məhz bu istiqamətdə də dövlətimizin, cəmiyyətimizin içdən-içdən parçalanmaması baxımından, daha həmrəy olması üçün hakimiyyət və xalq birliyi mövcuddur."
İbrahim Məmmədli