Regionda yaranmış yeni reallıqlar və Ermənistanın seçim imkanları

Paşinyan hakimiyyəti sülh təşəbbüsünə sadiq qalacaq?

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri Cənubi Qafqazda davamlı sülhün və regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəcb edir. Çünki parlament seçkiləri daxili və xarici qüvvələrin maraq dairəsində baş tutub və ona görə nəticələr də həmin dairələrin diqqət mərkəzindədir. Gözlənilirdi ki, parlament seçkilərində kütləvi saxtakarlıq qeydə alınarsa, revanşist qüvvələr xarici havadarlarının dəstəyi ilə etiraz aksiyalarına başlayacaq. Ancaq proseslər tamamilə iqtidar partiyasının lehinə işləyir. Belə ki, seçkilərdə kiayət qədər saxtakarlıq qeydə alınsa da nə daxili revanşist qüvvələr, nə də xarici müşahidəçilər ortaya ciddi mövqe qoymadılar. Əksinə, seçki bülletenləri təkrar sayıldıqca Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının səslərinin sayı artmaqda davam edir. Revanşist qüvvələr susur, beynəlxalq müşahidəçilər isə baş verənlərə loyal münasibət sərgiləyirlər. Etiraf edək ki, özlərini demokrtiyanın müdafiəçisi kimi təqdim edən Qərb siyasi institutları nədənsə Ermənistanla münasibətdə tamamilə fərqli mövqe nümayiş etdirirlər. Başqa sözlə, demokratik prinsiplər siyasi maraqlara qurban verilir. O da başa düşüləndir ki, Ermənistan nümunəsində beynəlxalq reaksiyanın kifayət qədər yumşaq olması əslində Cənubi Qafqazdakı geosiyasi maraqların təzahürüdür. Aydın məsələdir ki, istər Rusiya, istərsə də Qərb Cənubi Qafqazda mövqeyini möhkəmlətməkdən ötrü Ermənistan kartından daim istifadə edib. Hətta vassal dövlət olan Ermənistandan açıq şəkildə Azərbaycan və Gürcüstana qarşı təsir vasitəsi kimi istifadə olunub. Çox güman ki, Ermənistanda yeni hökumət formalaşdıqdan sonra sözügedən xarici qüvvələrin regionda nüfuz savaşının şahidi olacağıq. 

Erməni cəmiyyəti sülh təşəbbüsünə səs verdi?

Geosiyasi maraqları demokratik prinsiplərə qurban verən Qərbdən fərqli olaraq Azərbaycan üçün əsas prioritet yeni təşkil olunacaq hökumətin konstruktiv siyasət yürütməsi və sülh gündəliyinin davam etdirməsidir. Ermənistanın özündə siyasi ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın qələbə əldə etməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşan sülh prosesi üzərində mümkün olub. Müharibədən sonrakı dövrdə regionda yaranmış yeni siyasi reallıqların formalaşmasında Azərbaycan həlledici rol oynayıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğala son qoyulması istiqamətində atdığı uğurlu hərbi, siyasi və diplomatik addımlar Ermənistan siyasi elitasını da yeni yanaşmalar axtarmağa məcbur edib. Bu baxımdan seçkilərin nəticəsini müəyyən edən əsas amillərdən biri məhz regionda yaranmış yeni reallıqlar və bu reallıqların müəllifi olan Azərbaycan və onun lideridir. Ermənistan cəmiyyəti son illərdə yaşanan hadisələrdən nəticə çıxararaq Azərbaycanla münasibətlərin normallaşdırılmasının və davamlı sülhün alternativsiz olduğunu daha aydın şəkildə dərk etməyə başlayıb. Bu isə o anlama gəlir ki, parlament seçkilərində erməni cəmiyyətinin mütləq əksətiyyəti Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünə səs verib. İlk baxışdan Paşinyan hakimiyyətinin sülh gündəliyinə verdiyi dəstək müsbət amil kimi qiymətləndirilə bilər. Bütün revanşist cəhdlərə baxmayaraq erməni cəmiyyətinin sülh prosesinə dəstək nümayiş etdirməsini Azərbaycanın maraqlarına uyğun hesab etmək olar. Ancaq heş kim təminat verə bilməz ki, Paşinyanın timsalında Ermənistan dövləti axıra qədər sülh təşəbbüsünə sadiq qalacaq. Dəfələrlə hazırki iqtidarın dildə bir söz deməsi, əməldə isə tamamilə fərqli addım atdığının şahidi olmuşuq. Odur ki, Azərbaycan "çomağı əlindən yerə qoymamalıdır".  

Sülh müqaviləsinin bir addımlığında

Artıq bütün nəzərlər seçkilərdən sonra Ermənistanın hansı addımlar atacağı, konkret olaraq sülh prosesinin reallaşması istiqamətində hansı siyasi qərarların verilməsi məsələsinə yönəlib. Hakimiyyətində kimin təmsil olunmasına baxçayaraq, Azərbaycanın əsas istəyi və tələbi Ermənistanın bəyan etdiyi sülh siyasətini konkret hüquqi addımlarla reallaşdırmaqdan ibarətdir. Düzdür, artıq Azərbaycan və Ermənistan arasında münasibətlərdə müəyyən irəliləyiş əldə olunub. Sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıb, dövlət sərhədində sabitlik bərpa olunub, tərəflər sülh sazişinin mətninin böyük hissəsi üzərində razılığa gəliblər. Vaşinqtonda əldə olunan anlaşmaya uyğun olaraq Ermənistanla iqtisadi əlaqələr inkişaf etdirilir. Bütün bunlara baxmayaraq, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması məqsədilə Ermənistanın qəbul edəcəyi mühüm siyasi və hüquqi qərarlara ehtitac var. Nəzərə alınmalıdır ki, Qarabağ məsələsi artıq beynəlxalq hüquq baxımından öz həllini tapıb və yeni geosiyasi reallıq formalaşıb. 

Siyasi və hüquqi qərarların verilməsi vaxtı çatıb

İndi regionda dayanaqlı və etibarlı sülhün bərqərar olması Ermənistan Konstitusiyasında dəyişiklikdən keçir. Aərbaycan tərəfi hesab edir ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların mövcudluğu sülh prosesinin qarşısında duran əsas hüquqi maneələrdən biridir.  Tarixi proseslər və müasir beynəlxalq təcrübə göstərir ki, uzunmüddətli sülhün təmin olunması yalnız siyasi razılaşmalar üzərində deyil, konkret hüquqi təminatlardan asılıdır. Bu baxımdan Ermənistanın gələcəkdə referendum yolu ilə yeni Konstitusiya qəbul etməsi və bütün ərazi iddialarına hüquqi baxımdan son qoyması sülh prosesinin dayanıqlılığı baxımından mühüm addım hesab olunur. Yalnız bu halda yekun sülh sazişinin imzalanması mümkün ola bilər. Etiraf edilməlidir ki, İrəvan tərəfindən belə bir addımın atılması təkcə Azərbaycan üçün deyil, həm də Ermənistanın özü üçün də strateji əhəmiyyət daşıyır. Bu halda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri genişlənir, siyasi və iqtisadi əməkdaşlığı möhkəmlənir, regional təhlükəsizlik məsələsi aradan qalxmış olur. Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan beynəlxalq layihələrə qoşulmaq imkanı əldə edın Ermənistan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olur, regionda sülh və təhlükəsizlik təmin olunur. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31