Məhsul subsidiyaları xərcləri kompensasiya etməyə yönəlib - Nazir

Təəssüf ki, bəzi fermerlər aqrotexniki qulluq tədbirlərini tam şəkildə həyata keçirmir, torpaq analizləri aparılmadan gübrələməyə üstünlük verilir, müasir suvarma texnologiyaları isə lazımi səviyyədə tətbiq olunmur. Halbuki burada əsas məqsədimiz məhz ixtisaslaşmış rayonlarda müasir suvarma sistemlərindən istifadə etməklə yüksək məhsuldarlığa nail olmaqdır.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Bu gün Azərbaycanda taxıl əkinlərinin təxminən 50 faizi dəmyə ərazilərdə yerləşir. İqlim dəyişiklikləri şəraitində yalnız dəmyə təsərrüfatları hesabına məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq mümkün deyil. Əlbəttə, yeni sortların tətbiqi, quraqlığa davamlı növlərin yaradılması və elmi tədqiqatların genişləndirilməsi müəyyən nəticələr verə bilər. Lakin ölkədə mövcud yağıntı həcmi dəmyə ərazilərdə yüksək məhsuldarlıq əldə etmək üçün kifayət etmir. Buna görə də su təminatı əsas şərtdir. Biz yüksək məhsuldarlığı yalnız su ilə təmin olunan və müasir suvarma texnologiyalarının tətbiq edildiyi ərazilərdə əldə edə bilərik.

Sadə bir nümunə gətirim. Keçən il ərzaqlıq buğda proqramına qoşulan, müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda orta məhsuldarlıq 5,8 ton təşkil edib. Bu göstərici ölkə üzrə orta məhsuldarlıqdan xeyli yüksəkdir. Həmin proqram çərçivəsində ötən il 22 min hektar ərazi əhatə olunmuşdusa, bu il bu rəqəm artıq 29 min hektara çatıb. İnanırıq ki, yaxın illərdə bu göstərici daha da artacaq.

Məhsul itkisi və biçindən sonrakı dövrdə yaranan itkilərin azaldılması məsələsi də olduqca vacibdir. Soyuducu anbarların və xüsusilə taxıl siloslarının yaradılmasını təşviq etməyimizin əsas səbəblərindən biri məhz məhsulun saxlanma şəraitinin yaxşılaşdırılması və itkilərin minimuma endirilməsidir.

Bu gün ölkənin müxtəlif bölgələrində taxılın, buğdanın, arpanın və qarğıdalının hələ də tökmə üsulu ilə, bəzən hətta kisələrə yığılmadan anbarlarda saxlanıldığını müşahidə edirik. Belə şəraitdə məhsul bir mövsümdən digərinə qədər saxlanılarkən rütubət, nəmlik və digər amillər səbəbindən 10, 20, hətta bəzi hallarda 30 faizə qədər itkiyə məruz qalır. Bu problemin həlli üçün müasir taxıl siloslarının yaradılması vacibdir.

Məhz buna görə də dövlət proqramında soyuducu anbarların və taxıl siloslarının sayının artırılması nəzərdə tutulur. Bu, eyni zamanda logistika imkanlarının genişlənməsinə də xidmət edəcək.

Logistika və satış məsələlərinə toxunuldu. Qeyd olundu ki, bu istiqamət dövlət proqramında birbaşa geniş əks olunmayıb. Lakin əslində proqram dolayısı ilə bu sahələrin inkişafına xidmət edir. Soyuducu anbarlar və taxıl silosları logistika problemlərinin həllinə kömək edir, məhsul subsidiyaları isə satış imkanlarını genişləndirir.

Məsələn, bəzi fermerlər bazarda süfrəlik meyvə ilə emal sənayesinə təhvil verilən meyvənin qiymət fərqindən narazılıq edirlər. Lakin nəzərə almaq lazımdır ki, sənaye məqsədli məhsul heç vaxt süfrəlik məhsulla eyni qiymətə satıla bilməz. Keyfiyyətli, çeşidlənmiş və süfrəyə yararlı meyvə daha yüksək qiymətlə satılır. Çeşidləmə mərhələsindən keçməyən məhsulun isə emala yönləndirilməsi zəruridir.

Sənaye məhsulunun qiyməti nisbətən aşağı olduğuna görə bəzi fermerlər həmin məhsulu yığmağa və emal müəssisələrinə çatdırmağa maraq göstərmirlər. Bu səbəbdən alma və nar üzrə tətbiq etdiyimiz məhsul subsidiyaları fermerin həm yığım, həm də nəqliyyat xərclərini kompensasiya etməyə yönəlib. Beləliklə, fermer məhsulu emal müəssisəsinə təhvil verdikdən sonra əlavə gəlir də əldə etmiş olur.

Məhsul subsidiyaları bir tərəfdən fermerlər üçün əlavə satış imkanları yaradır, digər tərəfdən isə emal müəssisələrinin xammal təminatını gücləndirir.

Soyuducu anbarlarla bağlı hesablamalarımıza görə, Azərbaycanda təxminən 900 min ton - 1 milyon ton həcmində soyuducu saxlama gücünə ehtiyac var. Hazırda bunun təxminən 400 min tonu əvvəlki illərdə dövlət dəstəyi hesabına yaradılıb. Dövlət Proqramına əsasən, 2030-cu ilədək əlavə 100 min ton saxlama gücünün yaradılması nəzərdə tutulur. Sonrakı mərhələdə isə bu istiqamətdə investisiyaların daha da artırılmasına ehtiyac yaranacağı gözlənilir.

Eyni vəziyyət taxıl silosları üçün də keçərlidir. Hazırda ölkədə təxminən 2,5 milyon ton həcmində taxıl saxlama gücünə ehtiyac mövcuddur.

Ümumilikdə dünya təcrübəsi göstərir ki, ölkələr saxlama infrastrukturunun genişləndirilməsinə ciddi investisiyalar yatırırlar. Məsələn, Türkiyə son beş ildə taxıl saxlama gücünü 9 milyon tondan 12 milyon tona çatdırıb və 2030-cu ilədək bu göstəricini 20 milyon tona yüksəltməyi planlaşdırır.

İxrac subsidiyaları məsələsinə gəldikdə isə, bu istiqamətdə mərhələli yanaşma nəzərdə tutulur. İlk növbədə məhsulların beynəlxalq sertifikatlara uyğunlaşdırılması və sertifikatlaşdırmanın təşviqi planlaşdırılır. Təəssüf ki, hazırda yerli məhsullarımız əsasən bir və ya iki bazardan asılı vəziyyətdədir. Bu asılılığı azaltmaq və yeni bazarlara çıxmaq üçün məhsullar beynəlxalq standartlara cavab verməlidir.

Bu mərhələ tamamlandıqdan sonra ixracın əlavə təşviqi mexanizmləri də nəzərdən keçirilə bilər.

Qiymət dalğalanmalarının qarşısının alınması məsələsində də məhsul subsidiyalarının müəyyən sabitləşdirici rol oynayacağına inanırıq. Bu ildən süd subsidiyalarının tətbiqinə başlanılması da fermerlərlə emal müəssisələri arasında qiymət sabitliyinin formalaşmasına xidmət edəcək.

Lakin qiymətlərin tam şəkildə inzibati qaydada tənzimlənməsi bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyil. Hazırda Azərbaycanda qiymət tənzimlənməsinə ən yaxın mexanizm pambıqçılıq sektorunda tətbiq olunur və burada da dövlət fermerlərin dəstəklənməsi məqsədilə müəyyən təşviq alətlərindən istifadə edir.

Bununla yanaşı, qiymət dalğalanmalarının yumşaldılması üçün beynəlxalq təcrübədə mövcud olan müxtəlif mexanizmlər hazırda araşdırılır.

Dövlət satınalmalarında və təchizat sistemində yerli məhsullara üstünlük verilməsi ilə bağlı təkliflər də səsləndirildi. Kənd Təsərrüfatı Nazirliyi olaraq biz bu yanaşmanı dəstəkləyirik. Hesab edirik ki, bu addım yerli istehsalın inkişafına və fermerlərin bazar imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək.

Nəhayət, ali təhsil müəssisələrinin və kadr hazırlığının inkişafı məsələsinə də toxunuldu. Eyni zamanda ikili diplom proqramlarının genişləndirilməsi də nəzərdə tutulur. Bu istiqamətdə Oklahoma Universiteti, Türkiyə universitetləri və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir. Bu, aqrar sahədə beynəlxalq standartlara uyğun kadr hazırlığına mühüm töhfə verəcəkdir.

Peşə təhsili müəssisələrinin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ciddi iş aparılır və bu da müsbət nəticələr verəcəkdir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Universitetin nəzdində Aqrar Kollec artıq fəaliyyətə başlamışdır və bu strukturun aqrar sahə üzrə kadr hazırlığında mühüm rol oynayacağına inanırıq.

Eyni zamanda ADA Universitetinin Boloniya Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramlar mövcuddur.

Azərbaycan-İtaliya Universitetinin tərkibində də artıq aqrar ixtisaslar üzrə tədris proqramlarına start verilmişdir.

Ümumilikdə, aqrar sahədə kadr ehtiyacının artacağı gözlənilir. Xüsusilə heyvandarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərə ciddi ehtiyac vardır. Təəssüf ki, mövcud mütəxəssislərin bir hissəsi yaş etibarilə yüksək yaş qrupuna aiddir və orta yaşlı kadrların sayı nisbətən azdır.

Son illərdə aqrar təhsilə marağın artması müşahidə olunsa da, bu sahənin cəlbediciliyinin artırılması, potensialının düzgün izah edilməsi və perspektivlərinin cəmiyyətə çatdırılması istiqamətində davamlı maarifləndirmə işləri aparılmalıdır.

İnanıram ki, sizlər də regionlarda əhali ilə görüşlər zamanı bu məsələyə diqqət yetirirsiniz. Fermerlərlə və vətəndaş qəbulları zamanı mənim də tez-tez verdiyim suallardan biri budur: "Övladlarınız aqrar təhsilə yönəlirmi?"

Əgər bir fermerin övladı aqrar təhsilə maraq göstərmirsə, bu, mənim üçün ciddi siqnaldır. Bu baxımdan, sizin dəstəyinizlə biz bölgələrdə aqrar təhsilə marağın artırılması, gənclərin bu sahəyə yönləndirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində daha fəal olmalıyıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31