Azərbaycan 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir
15:49 Siyasət"Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycanın kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ölkəmizin iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Proqram ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ixrac potensialının artırılması və müasir texnologiyaların tətbiqi istiqamətlərini vahid inkişaf konsepsiyasında birləşdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deputat Sadiq Qurbanov deyib.
Deputat qeyd edib ki, müasir dünyanın iqtisadi reallıqları aqrar sektor dövlətlərin dayanıqlı inkişafının əsas sütunlarından biridir: "Son illərdə qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət dəyişiklikləri, iqlim amillərinin təsiri, logistik zəncirlərdə yaranan çətinliklər və geosiyasi proseslər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırmışdır. Bu səbəbdən aqrar siyasət iqtisadiyyatın ayrıca bir istiqaməti olmaqla yanaşı, milli təhlükəsizlik sisteminin vacib komponentlərindən biri kimi qəbul olunur. Nobel mükafatı laureatı Teodor Şults yazırdı ki, kənd təsərrüfatında inkişafın əsas mənbəyi torpaq ehtiyatlarının həcmi yox, insan kapitalı, bilik və texnologiyadır. Bu fikir XXI əsrin aqrar inkişaf modelini ən dəqiq ifadə edən elmi yanaşmalardan biridir. Bu gün dövlətlərin uğuru torpaqların genişliyi ilə ölçülmür. Əsas göstərici həmin torpaqdan əldə olunan məhsuldarlıq, yaradılan əlavə dəyər və formalaşdırılan ixrac potensialıdır".
Deputat bildirib ki, Azərbaycan təxminən 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir: "Bu göstərici bir çox Avropa ölkələrinin imkanlarını üstələyir. Qarşıda duran əsas vəzifə həmin torpaqların iqtisadi səmərəliliyini artırmaq, elmi yenilikləri istehsalata tətbiq etmək və məhsuldarlığın yeni mərhələsinə nail olmaqdan ibarətdir".