V Antalya Diplomatiya Forumu öz işinə başlayıb
11:27 SiyasətTürkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci Antalya Diplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb.
Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.
Bu ilki forumun mövzusu - "Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək" - yaranan çağırışların qabaqcadan proqnozlaşdırılması və onlara operativ reaksiya verilməsinin vacibliyini vurğulayaraq daha dayanıqlı gələcəyin qurulmasına diqqət çəkir. Mövzu gələcək prosesləri qabaqlamağın, risk və imkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitik nəticələri praktik addımlara çevirməyin zəruriliyini ön plana çıxarır.
ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları, akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək qeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobal problemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıq məsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsində əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Aprelin 19-dək davam edəcək tədbir NEST Konqres və Sərgi Mərkəzində keçirilir.
Forumun yenidən dialoqun inkişafı, etimadın bərpası və əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin gələcək nəsillər üçün daha sülhsevər, sabit və dayanıqlı gələcəyə aparan yolların müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevriləcəyi gözlənilir.
Qeyd edək ki, dördüncü ADF 155 ölkədən iştirakçıları bir araya gətirmişdi. Onların arasında 21 dövlət və hökumət başçısı, 61 nazir (o cümlədən 52 xarici işlər naziri), eləcə də 15 parlament üzvü yer alıb.